Xəbər lenti

60 yaşdan yuxarı insanlar niyə gündə dörd fincan qəhvə içməlidirlər?
Sağlamlıq 10:32 20.06.2025

60 yaşdan yuxarı insanlar niyə gündə dörd fincan qəhvə içməlidirlər?

Yaş artdıqca insan bədənində bir sıra dəyişikliklər baş verir: əzələ kütləsi azalır, həyati orqanların fəaliyyəti zəifləyir, hərəkət etmək çətinləşir, diqqət toplamaq daha da çətin olur. Mərtəbəyə qalxmaq yorucu görünür, gündəlik alış-veriş isə əlavə yükə çevrilir.

Qaynarinfo-nun "European Journal of Nutrition" elmi jurnalına istinadən məlumatına görə, 7 il davam etmiş yeni bir araşdırma göstərib ki, gündə dörd-beş fincan qəhvə içmək yaşlı insanlarda əzələ zəifliyinin riskini azaldır. Tədqiqatda 55 yaş və yuxarı 1161 nəfər iştirak edib.

Qəhvənin təsiri nədən ibarətdir?

Britaniya Dietoloqlar Assosiasiyasının nümayəndəsi və London Kliveland Klinikasının baş dietoloqu Bini Sureshin sözlərinə görə, bu tədqiqat orta və yüksək dozada qəhvə istehlakının əzələlərin hərəkət qabiliyyətinə və ümumi funksionallığa müsbət təsir etdiyini, bunun da yaşlılarda zəifliyin qarşısını ala biləcəyini göstərir.

Qəhvədəki kofein "adenozin reseptorlarının antaqonisti” kimi çıxış edir: yəni yorğunluğu azaldır, diqqətliliyi artırır və əzələ hərəkətlərini yaxşılaşdıraraq fiziki zəifliyin qarşısını alır.

Bundan başqa:

Polifenollar: iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, yaşla bağlı əzələ kütləsinin itirilməsinin qarşısını alır.

Triqonellin: yaddaşı gücləndirir və zehni fəaliyyəti dəstəkləyir.

Amma ehtiyatlı olmaq da vacibdir

Britaniya Ürək Fondunun baş dietoloqu Dell Stenford qeyd edir ki, gündə iki-üç fincan qəhvə ürək-damar xəstəlikləri riskini azalda bilər. Lakin gündə dörd-beş fincandan çox qəhvə içmək, gündəlik 400 mq kofein normanı keçdiyinə görə sağlamlığa mənfi təsir göstərə bilər. Bu təsirlərə aşağıdakılar daxildir:

* Arterial təzyiqin və nəbzin artması
* Ürəkdöyünmə
* Narahatlıq və yuxusuzluq
* Ürək bulanması və baş ağrısı

Qəhvə idmanı əvəz edə bilərmi?

Sureshin fikrincə, xeyr. "Qəhvə faydalı əlavəyə çevrilə bilər, lakin heç vaxt fiziki məşqləri əvəz edə bilməz. Mütəmadi hərəkətlilik və idman bədənin gücünü və dözümlülüyünü artırmaq üçün vacibdir”, deyə o bildirib.

Əlavə faydalı məhsullar nələrdir?

Dietoloq Nikola Ludlam-Reynin sözlərinə görə, qəhvə polifenol mənbəyi olsa da, bu maddələr aşağıdakı məhsullarda da var:

* Giləmeyvələr
* Tünd şokolad
* Zeytun yağı
* Yaşıl çay
* Tərəvəzlər

Bunlar orqanizmdə antioksidant təsir göstərərək zəifliyin qarşısını alır.

Əzələ kütləsini qorumaq üçün:

* Yumurta, süd məhsulları, paxlalılar, tofu, balıq və yağsız ət
* Omega-3 yağ turşuları (yağlı balıq, kətan toxumu, qoz)
* Vitamin D və kalsiumla zəngin qidalar
* Fermentləşdirilmiş məhsullar (bağırsaq sağlamlığı üçün)
* Parlaq rəngli meyvə və tərəvəzlər (antioksidant təsir)

Qəhvənin zərərləri və düzgün seçimi

Qəhvənin bəzi mənfi tərəfləri də var. Məsələn, kofein kalsiumun mənimsənilməsini çətinləşdirə bilər, buna görə yaşlı insanlar rasionlarını D vitamini və kalsiumla zənginləşdirməlidirlər. Kofein həssas şəxslərdə yuxusuzluq, ürəkdöyünmə, narahatlıq və həzm problemləri yarada bilər.

Ən faydalı qəhvə hansı hesab olunur?

* Ən faydalısı – qara, süzülmüş qəhvə sayılır.
* Kiçik miqdarda süd əlavə edilməsi bədənə protein və kalsium verə bilər.
* Kapuçino və late kimi südlü qəhvələr isə əlavə kalori yükləyir.
* Orta qovrulmuş qəhvə antioksidant balansını qoruyur.
* Qəhvəsizləşdirilmiş qəhvə də faydalıdır, sadəcə daha az kofein tərkiblidir.
* Suda həll olan qəhvə az kofeinli olduğu üçün sümük sağlamlığına mənfi təsiri azdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->