Xəbər lenti

73 yaşlı xalq artisti: “Sabiq nazirə dedim ki…” (MÜSAHİBƏ)
Sənət09:49 05.01.2023

73 yaşlı xalq artisti: “Sabiq nazirə dedim ki…” (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq bir neçə ildir ki, hər ilin əvvəli, daha dəqiq desək, yanvar ayının 9-da yaxın dostum, görkəmli sənətkar, Xalq artisti İlham Namiq Kamalın doğum günü  münasibəti ilə məqalə yazıram. Bu, bir növ ənənə halını alıb. 
Bu dəfə də ənənəyə sadiq qaldım. İlham Namiq Kamal 73 yaşını adlayıb, 74 yaşına -müdrikliyin daha yüksək mərhələsinə qədəm qoyub. Məqalə ilə bağlı İlhama zəng edib, fikrimi ona bildirdim. Əvvəl etiraz etsə də, sonra razılaşıb, məni teatra dəvət etdi. Teatra yollandım. 
Sənətkarın qrim otağının qapısı açıq idi. Mənim addım səslərimi eşidən kimi, İlham qapıya çıxıb, salamlaşıb, görüşdük məni gülərüzlə içəri dəvət etdi. Dostumun qrim otağı səliqə-səhmanı ilə göz oxşayır, masanın üzərində isə, Moskva şəhərinin Babayev fabrikinin müxtəlif şokolad konfetləri və çərəzlər vardı. Məqalə haqqında nəsə demək istəyirdim ki, sənətkar sözümü  kəsib: - Tələsmə, yazı, müsahibə, məqalədən qabaq çərəzlərdən ye. Nə içirsən, çay, qəhvə? De, bufetə zəng vurum, gətirsinlər. Mən çay içəcəyimi dedim. İlham teatrın bufetinə zəng vurub, çay sifariş etdi. Sənətkar bir daha mənə çay gətirilincə, çərəz yeməyi məsləhət gördü. Bufetdən bir çaynik çay, iki armudu stəkan gətirdilər. Sənətkar çay gətirən xanıma minnətdarlır edib, onu hörmətlə yola saldı və gəlib, çayın necə dəmləndiyinə baxandan sonra, çay süzdü. Mən düşündüm ki, elə sənətkarla çay içərək, söhbət etsək yaxşı olar. Sənətkarı söhbətə tutub, telefonun səsyazanını işə saldım. Mən danışır, o qulaq asırdı. Amma hiss edirdim ki, fikri ayrı yerdədir. Çaydan bir qurtum içib dedim:
- İlham, sənin necə insan, necə bir sənətkar olduğunu ölkədə bilməyən yoxdur. Sən gözütox, qismətinlə razılaşan, birinci növbədə özünə, daha sonra ətrafına qarşı tələbkar olan, düşündüklərini deyən və yeri gələndə yazan insansan. Mən bilirəm ki, sən teatr və kino haqqında dərin bilik və bacarığını gənclərə öyrətməyə həmişə hazırsan. Onu da bilirəm ki, sən də çoxları kimi, son dövrlərdə teatr, kino və ümumən mədəniyyət sahəsində baş verənlərdən narahatsan... 
İlham, adəti üzrə konfet yemədən bir-iki qurtum çay içəndən sonra, mənim başladığım mövzunu davam etdirməyə başladı: 
- Çingiz, sən, yaxşı bilirsən ki, mən təbiət etibarı ilə narahat adamam. Təbii ki, mədəniyyət sahəsində baş verənlərdən narahat olmaya bilmərəm. Bilirsən ki, mən bir neçə ay bundan əvvəl teatr sahəsinin inkişafı ilə bağlı fikirlərimi yazıb, mətbuatda çap etdirmişdim. Məqalə "Teatrı niyə sevmirik?” adlanırdı. Yazımda sənətdə struktur dəyişikliklərin və islahatların aparılmasının, gənclərə dəstək verməyin vacibliyini qeyd etməklə yanaşı, yaşlı sənətkarları da unutmamağı tövsiyə edirdim. Biz dünya təcrübəsindən istifadə etməliyik. Səhnəyə çıxıb, rolunu canlandırmağı bacaran, sağlamlığı buna imkan verən, hər bir yaşlı sənətkar teatra və kinoya lazımdır. Mən qəti bilirəm ki, gənclər yaşlı sənət nümayəndələri ilə birlikdə səhnəyə çıxanda, onlardan əyani "dərs” ala bilərlər. Səhnədə ekranda illərin təcrübəsini qazanmış sənətkarları sənətdən uzaqlaşdırmaq olmaz... 
Onun sözlərini təsdiq etdim:
- Əlbəttə, yaşlı sənət nümayəndələrini teatrdan və kinodan uzaqlaşdırmaq düz deyil.
Sənətkar adəti üzrə çayını konfetsiz içə-içə, söhbətini davam etdirir:
- Mən bu yazıdan sonra sabiq mədəniyyət naziri ilə görüşüb, düşüncələrimi ona da çatdırmağı vacib hesab etdim. Ona bildirdim ki, mən sənətdə sözümü demişəm və dövlətimiz tərəfindən heç vaxt diqqətdən kənarda qalmamışam. Çalışdığım, teatr və kino sənətinin inkişafı və yetişməkdə olan gənclərin gələcəyidir. Mən sənətdə ilk addımlarını atan hər bir gəncə dəstək olmağa hazıram. Vaxtı ilə sənətdə yaşlı sənətkarlar mənə dəstək olublar. Mən də bu estafeti davam və inkişaf etdirmək istəyirəm. Gənclərimiz müasir texnologiyaları, xarici dilləri gözəl bilirlər. Mən bir ağsaqqal sənət nümayəndəsi kimi bunu alqışlayıram. Dövr dəyişib, müasirliyi və yeniliyi qəbul etməliyik. Amma biz keçmişi də unutmamalıyıq. Azərbaycan teatr və kinosunun mürəkkəb inkişaf tarixi olub. Saysız-hesabsız sənətkarlar ordusu milli teatr və kino sənətinin inkişafı naminə, artıq tarixə çevrilmiş sənət nümunələri yaradıblar. Müasir texnologiyalar əsrində onların bir qismi bəzilərimizə köhnəlmiş kimi görünə bilər. Amma bu günə qədər biz həmin nümunələri hələ də maraqla izləyiriksə, deməli, bu barədə düşünməyə dəyər. 
Əvvəllər teatr üçün ilkin olaraq, yüksək peşəkar səviyyəli dram əsəri, kino üçün isə peşəkar senari seçilirdi. Bütün bunlardan sonra sənətdə sözünü demiş sənətkarlar, istedadlarına inandıqları yaradıcı qruplarla sənət nümunələri yaradırdılar. Mən söhbətə qoşulmaq istəyirdim ki, İlham mənə konfetləri göstərib, dedi ki, xahiş edirəm, bax, bu dadlı "Əyri pəncəli ayı” konfetini yeyib, çayını iç, mən fikrimi davam etdirim:
- Sabiq nazirə dedim ki, keçmişin sənətkarları tanışa, dayıya, xalaya yox, istedada qiymət verirdilər. O zamanlar istedadı olana yaşıl işıq yandırıldığı üçün yüksək peşəkar səviyyəli sənət nümunələri yaradılırdı. 
Mən allahın qismətinə inanan adamam. Qismətdən artıq yemək olmaz. Mən qismətindən artıq yemək istəyənlərə, düzü, əhəmiyyət vermirəm. Bəzən görürsən ki, həyatda hər şeyi əldə etmiş biri, sağlamlığı və həyatı hesabına daha nələri isə əldə etməyə can atır. Mən belə sənət adamlarını anlaya bilmirəm. Axı heç kim bu dünyada əbədi deyil. Heç kim bu dünyadan istəsə belə, heç nə apara bilməyəcək. Məsələn, mən heç vaxt, heç nəyə can atmamışam. Sadəcə olaraq, başımı aşağı salıb, sənətimlə məşğul olmuşam. Səhnədə və ekranda mənə tapşırılan obrazı ürəklə, peşəkarlıqla canlandırmağa çalışmışam. Xalqın sevgisi, ad-san və şöhrət özü gəlib məni tapıb. Mən "Xalq artisti” fəxri adına, "Şöhrət” ordeninə, TXİ-nın təsis etdiyi "Sənətkar” medalına, Prezident təqaüdünə, Professor adına layiq görülmüşəm. Buna görə mən həmişə sənətimə çox yüksək dəyər verən xalqıma və dövlətimə minnətdaram. Amma bu yaşımda aktyor olaraq səhnədə və ekranda canlandırmaq istədiyim obrazlar, rejissor kimi yozum vermək istədiyim dram əsərləri var. Allah ömür versə, bunları hayata keçirəcəyəm.
Mən sənətkara Musiqili Teatrda hazırlanmalı olan "Əliqulu evlənir” tamaşası və rəhmətlik bəstəkar Oqtay Rəcəbovla bağlı sual vermək istəyirdim. İlham sanki bunu hiss edib, mənim təəccübümə rəğmən, söhbəti məhz, həmin məcrada davam etdirdi:
- Sənin mənə sual vermək istədiyini hiss etdiyimdən, həmin suala ətraflı cavab verim. Amma əvvəldən danışım ki, həm sənə, həm də oxuculara hər şey aydın olsun. Sabit Rəhmanın eyniadlı "Əliqulu evlənir” komediyası əsasında librettonu mən, mahnıların mətnini yaxın dostum Baba Vəziroğlu yazdı. Adlarını çəkmək istəmədiyim iki bəstəkar librettoya musiqi yazmağı boyunlarından qaçırdılar. Amma gözəl sənətkarımız Oqtay Rəcəbov çox qısa bir müddətə librettoya musiqini yazıb, təhvil verdi. Mən sabiq nazirə bəstəkar Oqtay Rəcəbovla "Əliqulu evlənir” əsərini yeni versiyada işləməyə başladığımızı və pandemiya səbəbindən işin dayandığını, sonra işi davam etdirdiyimizi dedim. Amma təəssüf ki, maliyyə vəsaitinin yoxluğu səbəbindən bu tamaşanı reallaşdıra bilmədik. Oqtay müəllim arzusunda olduğu tamaşanı səhnədə görmədən bu dünyadan köçdü. Oqtay müəllim son tamaşasını görsəydi, bəlkə də ömrü bir qədər uzana bilərdi. Amma olmadı. Görkəmli sənətkarımız həyatla vidalaşmalı oldu. Mən bu əsərin tamamlanıb, nəhayət səhnə üzü görməyini çox istəyirəm. O zaman rəhmətlik Oqtay Rəcəbovun da ruhunu sevindirmiş olaram.
Mən çay stəkanını nəlbəkiyə qoyub, çərəzlərdən yeyə-yeyə İlhama dedim ki, sən məqalədə yazdıqlarının hamısını sabiq nazirə demisən. İlham söhbətini davam etdirdi:
-  Əlbəttə, demişəm. Ona dedim ki, bir aktyor kimi mənim özümə qalınca, təbii ki, daha mükəmməl obrazlar yaratmaq arzusundayam. Amma təəssüf ki, bu mümkünsüzdür.  Çünki aktyor rejissordan asılıdır. Rejissor aktyoru bu və ya digər obrazda görməsə, həmin aktyor səhnədə və ya ekranda öz bacarığını göstərə bilməz. Elə istedadlı aktyorlarımız olub ki, onları ömürləri boyu, rejissor qurduğu tamaşa və ya çəkdiyi filmdə görməyib. Bax, faciə budur. Həmin aktyorlar elə sənətdə öz obrazlarını gözləyə-gözləyə, həyatları ilə vidalaşıblar...
- Sənin dediklərində çox böyük həqiqət var, – deyirəm.
İlham ikimizə də çay süzərək gülə-gülə deyir ki, sən bu "Alyonka” konfetini yeyib, çay nuş elə, mən fikirlərimi davam etdirim: - Çingiz, dediklərim digər sənət, sənətkarlar və xüsusən yetişməkdə olan gənclər haqqındadır... Son vaxtlar sənətdə olan müasir qruplaşmalar da məni narahat edir... 
Mən sənətkarın dediklərini anlamadığım üçün deyirəm:
- Müasir qruplaşmalar, bu da təzə çıxıb?
İlham çayını içib gülə-gülə, mənə baxır: 
- Əlbəttə, təzə çıxıb. Məsələn, bir qrup teatrşünas bir yerə toplaşıb, orta və ya daha çox hallarda zəif bir tamaşanı tərifləyə-tərifləyə göyün yeddinci qatına qaldırırlar. Bunu çoxlarımız görsək də, nədənsə susuruq. Sənətdən başı çıxan insanlar nə qədər çalışsalar da, bu boş təriflərlərin nə ilə əlaqədar olduğunu anlaya bilmirlər. Amma təriflər müəyyən bir qrupda, xüsusən gənclərdə, hansısa səhv bir fikir də yarada bilir. Bu bir növ anti-reklamın reklam kimi təqdim olunmasına bənzəyir. Axı, anti-reklam özü də reklamdır. Bu teatrda da, kinoda da, televiziya məkanlarında da belədir. Bundan isə sənət heç vaxt, heç nə uda bilməz. İnkişaf istəyiriksə, sənəti sənət, tənqidi də tənqid kimi qəbul etməyi bacarmalıyıq. Çünki qərəzsiz tənqid, əslində inkişaf deməkdir. İlham yenə konfet yemədən, çaydan bir qurtum içib, söhbəti davam etdirir: 
- Teatrlarla bağlı mən dəfələrlə dediklərimi və yazdıqlarımı bir daha təkrar edirəm. Teatrınn yaradıcılığına bir nəfər cavabdeh olmalıdır, o da baş rejissordur. Teatrın düşünən beyni rejissordur. Novator rejissor Tofiq Kazımovun fəaliyyətini yadımıza salsaq, o zaman hər şey bizə aydın olar. Teatrları təcili olaraq, məmur teatrından rejissor teatrına çevirmək lazımdır. Teatrlarda baş rejissorla birlikdə bir neçə rejissor fəaliyyət göstərib, müxtəlif səpkili tamaşalar hazırlamalıdır. Yaşlı aktyorlar, söhbət işləməyə qadir sağlam aktyorlardan gedir, orta yaşlı və cavan aktyorlarla yanaşı, çiyin-çiyinə çalışmalıdırlar. Ölkənin paytaxtında və digər iri şəhərlərdə ildə ən azı bir-iki teatr festivalı keçirilməlidir. 
Festivalların münsiflər heyəti hər il dəyişilməlidir. Münsiflər heyətinin tərkibi dost-tanış qruplarına çevrilməməli və bir nəfərin iradəsinə tabe olmamalıdır. Ölkə teatrlarının tamaşaları xarici ölkə festivallarına qatılmalı, xarici ölkə teatrlarının ən yaxşı nümunələrinin bir neçəsi ölkədə nümayiş etdirilməlidir. Teatrlara zəif dram əsərlərinin ayaq açmaması üçün müxtəlif mövzular üzrə yazılmış pyeslərin müsabiqələri keçirilməlidir. Filmlər üçün də müsabiqələr keçirilib, ən peşəkar senarilər seçilib, alınmalıdır. Mütləq mənada, teatrların bədii şuraları işlək vəziyyətə gətirilməlidir. Teatr sahəsində olduğu kimi, kino sahəsində də köklü dəyişikliklər və islahatlar aparılmalıdır. Teatrda və kinoda dünya təcrübəsindən istifadə edilməlidir. Bu sahədə peşəkar kadrlar yetişdirmək üçün gəncləri xarici ölkələrə təhsil almağa göndərməli və ölkəyə qayıtmaları üçün şərait yaradılmalıdır. Sənət ölkə daxilində, dar çarçivədə inkişaf edə bilməz. 
Mən çayımı içib, "Alyonka” konfetini yeyə-yeyə, maraqla sənətkar dostuma baxıram. O, dərhal mənim baxışlarımla nə demək istədiyimi anlayır və gülə-gülə deyir:
- Bilirəm, deyəcəksən ki, bu heç doğum günü münasibəti ilə yazılan məqalə olmadı. Qoy belə olsun. Etiraf etməliyəm ki, mən əsl sənət və əsl rejissor görmüşəm. Məni, tanınmayan bir gənci istedadıma inanaraq, korifey sənətkar Hüseyn Seyidzadə "Qayınana” filmində İlqar, Əjdər İbrahimov isə ”Qəribə adam” filmində Əbdülrəhman rollarına çəkib. Teatrda isə, məni və o dövrün bir qrup istedadlı gəncini Tofiq Kazımov  Akademik Milli Dram Teatrına dəvət edərək, hazırladığı tamaşalarda əsas rollar həvalə edib. Sənətdə məni heç vaxt tapşıran olmayıb. Bu gün baş verənləri anlamaq istəsəm də, anlaya bimirəm. Ona görə də düşündüklərimi deyirəm və imkan olanda yazıram. 
Doğum günü ilə bağlı yazıya qalınca, məncə, doğum günü yazısı elə belə olsa yaxşıdır. Mirzə Ələkbər Sabir demişkən, düzü düz, əyrini əyri... Çingiz, sən ərik qurusundan ye. Mən sənə düşündüklərimi dedim, sən də yazdın. Çox sağ ol. İlham mənə gülə-gülə baxıb: - Qələm əlimdədir! - deyir. 
Mən onun sözlərinə ürəkdən gülərək, deyirəm: - Ay qardaş, ay sənətkar, mən sənin doğum gününlə bağlı təbrik məqaləsi yazmaq istəyirdim. Sən mənim bütün planlarımı pozdun (gülə-gülə), sual verməyə belə imkan vermədin. Sənətdə - teatr və kinoda, səni narahat edən məsələlərdən danışdın. Amma indi icazə ver, mən də sənin doğum gününlə bağlı arzularımı yazım.
İlham gülə-gülə mənə baxıb, zarafatla: - Əlbəttə, yaz, amma (əlini masaya uzadıb, bir şokolad götürərək) bu "İlham” ("Vdoxnoveniye”) şokolad plitkasını "Babayev” fabriki mənim doğum günümlə bağlı istehsal edib. Bu şokoladı yeyə-yeyə məqalənin təbrik  hissəsini evdə yazarsan, - dedi.
Mən sənətkarın dediyi kimi, məqalənin təbrik hissəsini "İlham” şokolad plitkasını  yeyib, çay içə-içə evdə yazdım. Deməliyəm ki, şokalada söz ola bilməz, doğrudan da dadlı şokaladdır. Sənətkarın adına layiq şokaladdır. Mənim təbrikim isə belədir: 
- İlham səni, xalqın sevimlisinə çevrilmiş illərin sənətkarını doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə, sənətkar dostuma, uzun ömür, möhkəm can sağlığı və daha böyük uğurlar arzu edirəm. Arzularıma sənət yoldaşlarının və çoxsaylı tamaşaçıların da qoşulacağına tam əminəm.
Ləyaqətini, abrını, mənliyini qoruyub saxlamağı bacaran sənətkarı, İlham Namiq Kamalı daha neçə-neçə illər səhnədə və ekranda görmək arzusu ilə: 
Çingiz Ələsgərli
Teatrşünas, dramaturq