Sakit Okeanın şərqində yerləşən Nikumaroro adasında 1940-cı ildə tapılan insan sümüklərinin 1937-ci ildə uçuş əsnasında itən amerikalı pilot Ameliya İarharta aid olduğu üzə çıxıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı "Forensic Anthropology" dərgisində ABŞ-ın Tennesi Universitetinin professoru Riçard Cantzın elmi araşdırması dərc olunub.
Tapılan sümüklər qorunmadığından araşdırmalar İarhart və köməkçisinin boy və çəki ölçülərinə nəzərən müəyyən edilib. Bununla yanaşı alimlər onun paltarlarının ölçüsündən sinə və bel ölçülərini də müəyyənləşdirə biliblər.
Qeyd edək ki, İarhart 1937-ci ildə köməkçi pilotu Fred Nunanla birgə çıxdığı dünya səyahəti zamanı Sakit Okeanı üzərində itmişdi. 1940-cı ildə ingilis tədqiqat qrupu Nikumaroro adasında 13 insan sümüyü tapmış, lakin o dövrdə tapılan sümüklərin bir kişiyə aid olduğu açıqlanmışdı.