
Zara, Pull & Bear, Bershka, Massimo Dutti, Stradivarius, Oysho kimi geyim markalarının sahibi Amansio Orteqa 85 milyard dollarla dünyanın ən varlı adamlarından biridir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Orteqa 1936-cı ildə İspaniyanın Busdonqo de Arbas qəsəbəsində doğulub. 14 yaşında geyim atelyesində işləməyə başlayıb və tikiş sahəsini öyrənib. 36 yaşında isə xalat formasında gecə geyimi istehsal edərək satmağa başlayıb.
Əvvəlcə "Goa" adlı firmanı yaradan Orteqa yavaş-yavaş işi böyütməyə başlayır. Daha sonra "La Maja" mode evində işləyən Amansio tikiş sənətinin sirlərini və moda sahəsini öyrənir. İlk həyat yoldaşı Rosalia Merayı da bu dövrdə tanıyır və tikdikləri geyimləri onunla birlikdə qapıları gəzərək satır. 1986-cı ildə boşandığı Rosalia ilə istirahət etdiyi macar şəhəri olan Zadardan ilhamlanaraq Zadar adlı şirkəti yaradır, sonra isə adını Zara adı ilə əvəzləyir. Bütün firmalardan əvvəl informasiyalarını elektronlaşdıran şirkət bununla böyük üstünlük əldə edir və satışlar artır. Həmçinin sürətli layihə hazırlama bacarığına görə Zara bazarda öz yerini qazana bilir.
Hər həftə Zara mağazalarına 5 milyon geyim daşınır. Şirkətin İspaniyadakı nəhəng istehsal yerinin ərazisi 5 milyon kvadrat metrdir. Zara işçiləri hər 38 dəqiqədə bir qadın geyimi istehsal etmək məcburiyyətindədirlər, yoxsa şirkət zərər görməyə başlayır. Təxminən 9 avroya başa gələn geyimlər 30 avro ətrafında qiymətə satılır.
Çalışmağı çox sevən Orteqa öz şirkətinin istehsal etdiyi geyimləri geyinmir. Bu günə qədər yalnız 3 jurnalistə müsahibə verib. Ailə üzvləri və özü mediadan kənar həyat yaşayır. Zara mağazalar şəbəkəsindən əlavə başqa mülk və gəlir yerlərinə də sahibdir.
2001-ci ildə Flora Perezlə evlənən Amansio ailəsi ilə birlikdə İspaniyada Atlantik okeanı sahilində yaşayır.
Gülşən
Qaynarinfo.Az














