Bu gün Vaşinqtonda keçiriləcək ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşündə "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənədin imzalanması da nəzərdə tutulur.
Azərbaycanın maraqlarına zidd olan və uzun illərdir ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilən 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na əlavə edilib. Həmin dövrdə bu düzəliş erməni lobbisinin təşəbbüsü ilə həyata keçirilib və nəticə etibarilə Azərbaycana ABŞ hökumətinin birbaşa dövlət yardımını qadağan etməsini şərtləndirib. Bu qərarla Azərbaycan postsovet məkanında ABŞ-dan birbaşa yardım ala bilməyən yeganə ölkəyə çevrilib.
2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York şəhərində baş verən dəhşətli terror hadisəsindən az sonra - oktyabrın 24-də Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. Həmin vaxtdan qadağanın ləğvi qüvvədə olsa da, 24 il ərzində bu baş verməyib.
Yerli və beynəlxalq ekspertlərin fikrincə, Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında qurulmuş siyasi dialoq və əməkdaşlıq nəticəsində, 907-ci düzəlişin icrasının rəsmi olaraq dayandırılması Azərbaycanın 33 ildir məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.
Bu sənədin imzalanması Azərbaycana hansı üstünlüklər verəcək?
Qaynarinfo mövzunu Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov və Karnegi Beynəlxalq Sülh Fondunun eksperti, politoloq Zaur Şiriyevlə müzakirə edib.
Politoloq Zaur Məmmədovun sözlərinə görə, 907-ci düzəlişin ləğvi İlham Əliyev və Donald Tramp arasındakı dialoqun məhsuldarlığından xəbər verir:
"Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin Vaşinqtona səfəri öncəsi Donald Trampa ciddi şəkildə təzyiqlər edilməkdədir. Faktiki olaraq açıq şəkildə Amerika Erməni Konqresi ANKA Trampa təzyiq göstərir. Guya ki, ötən ilin seçkilərində çətin ştatlarda məhz erməni seçicilər Trampa səs verib. Məlumdur ki, həmin ştatlarda erməni seçicilərin çoxu Demokratlar Partiyasına səs vermişdi. Tramp da bunu unutmayıb. Bundan başqa, konqresmenlər tərəfindən Trampa ciddi təzyiqlər olur. Buna səbəb isə Trampın Qarabağa ermənilərin qayıdışı və Qarabağdakı xristian-erməni abidələri ilə bağlı məsələləri danışıqlar zamanı qaldırmaması, 907-ci düzəlişin ləğvi ilə bağlı qərar qəbul etməsidir. Bu da Əliyev və Tramp arasında olan dialoqun məhsuldarlığından xəbər verir".
İki ölkə arasında yeni əməkdaşlıq sahələri
Zaur Məmmədov qeyd edib ki, 907-ci düzəlişin aradan qaldırılması Azərbaycanla ABŞ arasında bir çox sahələrdə əməkdaşlığın əsasını qoya bilər:
"Xüsusi ilə Azərbaycan və ABŞ arasında hərbi texniki əməkdaşlıq başlaya, ABŞ gələcəkdə Azərbaycana hərbi texnikalar sata bilər. Bundan başqa, Azərbaycan və Ermənistan arasında gələcəkdə sülh müqaviləsi imzalanacağı təqdirdə münaqişə tərəfləri kimi anlayışlar aradan qaldırılır, nəticə etibarı ilə ABŞ iqtisadi və maliyyə cəhətdən daha böyük imkanı olan, həm də Xəzər hövzəsində özünün əsas tərəfdaşı kimi gördüyü Azərbaycanı mütləq şəkildə silahlandırma istiqamətində tədbirlər görə bilər. Nəzərə alsaq ki, bölgə ətrafında ciddi proseslər baş verməkdədir. Yaxın Şərq qaynayır. Azərbaycan müxtəlif ölkələr tərəfindən təhdid edilir. Belə olan halda isə müəyyən dövrlərdə, xüsusilə Corc Buş dövründən başlayaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və sərhədçilərinin müdafiəsi istiqamətində hərbi texniki əməkdaşlıq var idi və bu çox kiçik idisə, 907-ci düzəlişin aradan qaldırılmasından sonra və Trampın tarixdə ilk dəfə olaraq Cənubi Qafqaza ABŞ-ı iri addımlarla qaytarması və ya gətirməsindən sonra biz daha geniş müstəvidə müdafiə xarakterli hərbi texniki əməkdaşlığı görə bilərik".
Azərbaycan və ABŞ strateji tərəfdaş kimi
Həmsöbətimizə görə, gələcəkdə Azərbaycan və ABŞ arasında strateji istiqamətdə digər addımların atılması da nəzərdə tutulur. Bu isə daha çox cənub istiqamətində İbrahim sazişlərindən tutmuş, İsrail, ABŞ, Türkiyə, Azərbaycan dördlüyünün Yaxın Şərqdə sistemli şəkildə fəaliyyətindən xəbər verə bilər:
"Azərbaycan Yaxın Şərq siyasətində kifayət qədər ehtiyatlı, balanslı mövqeyini qoruyur. Eyni zamanda Azərbaycanın hər zamankı prinsipləri ərazi bütövlüyü və toxunulmazlıq, təhlükəsizlik kimi anlayışlardır. Hər bir halda bu qərar yeni bir eranın başlanğıcı deməkdir. ABŞ-da demokratlara, Azərbaycanı istəməyənlərə ciddi zərbədir və nəhayət 907-ci düzəlişin aradan qaldırılması ilə Azərbaycanla ABŞ arasında mənəvi təzyiq forması, psixoloji təsir kimi məsələlərin aradan qalxmasıdır. Bununla da erməni diasporası, ermənipərəst konqresmenlər əllərində olan bəhanədən məhrum edilmiş olacaqlar".
907-ci düzəlişin ləğvi iqtisadi sahəyə təsir edəcək
Politoloq Zaur Şiriyev isə vurğulayıb ki, indiki halda icranın dayandırılması haqqında sənədin imzalanması mühüm addımdır və bunun bir çox üstünlükləri var:
"İlk növbədə bu, beynəlxalq investorlar üçün "risk azalması” mesajı deməkdir ki, bu da xüsusən enerji, logistika, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar kimi sahələrdə birbaşa xarici sərmayənin artmasına səbəb ola bilər. Ən əsası isə, 907-ci düzəlişin icrasının dayandırılması ilə Azərbaycan ABŞ-dan iqtisadi inkişaf layihələri, infrastruktur və texnologiya sahələri, təhsil və səhiyyə proqramları, enerji və digər istiqamətlər üzrə federal büdcədən maliyyə ala biləcək. ABŞ yardımı eyni zamanda uzun müddətdə Qarabağ və ətraf rayonlarda bərpa işləri, infrastrukturun yenidən qurulması, minalardan təmizləmə əməliyyatları kimi sahələrdə də əhəmiyyətli maliyyə və texniki dəstək təmin edə bilər".
907-ci düzəliş tam ləğv ediləcək?
Ekspert əlavə edib ki, əgər ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması barədə sənəd imzalayacaqsa, bu müsbət addım hesab olunur. Lakin daha vacib və bəlkə də gözlənilən sonrakı addım Konqres tərəfindən qanunun özünün tam ləğv edilməsidir:
"Yalnız bu halda həmin normativ hüquqi çərçivə tamamilə aradan qaldırılmış olar və prezident hər il onun icrasının dayandırılması barədə sənəd imzalamaq məcburiyyətində qalmaz. Nəzərə almaq lazımdır ki, 2023-cü ilin payızında Senatda qəbul edilən qanunla 2024 və 2025-ci maliyyə illəri üçün prezident tərəfindən düzəlişin tətbiqinin təxirə salınması qadağan edilib".
Günay İlqarqızı
Şərhlər