Bu gün ABŞ-da Amerika qitəsi ölkərinin sammiti öz işinə başlayıb.
Qaynarinfo bu barədə "Lemond" informasiya agentliyinə istinadən
xəbər verir.
Sammit öz işinə bir neçə qitə ölkəsinin nümayəndəsi olmadan başlayıb. Belə ki, Kuba, Venesuela və Nikaraquanın rəhbərləri sammitə dəvət almayıb.
ABŞ bu üç ölkəni vətəndaşlarının fərdi, sosial və siyasi azadlıqlarını pozmaqda və demokratiya prinsiplərinə əməl etməməkdə ittiham edir. Buna görə də onları tədbirə dəvət etməyib.
ABŞ prezidenti Co Bayden açılış nitqində demokratik dəyərlərin tərənnümü mesajı ilə başlayıb. Prezident bütün dünyada demokratik dəyərlərə hücum edildiyini söyləyərək, bu dəyərlərin təkcə Amerika tarixinin müəyyənedici xüsusiyyəti deyil, həm də gələcəyinin ayrılmaz hissəsi olduğunu bildirib.
Üç ölkənin tədbirə dəvət olunmaması qitənin bəzi solçu hökumətlərini tənqidi reaksiyası ilə qarşılanıb. Meksika prezidenti Manuel Lopes Obrador, onun boliviyalı həmkarı Luis Arke və Honduras prezidenti Şimura Kastro etiraz və dəvət olunmamış üç ölkə ilə həmrəylik əlaməti olaraq sammitə qatılmaqdan imtina edib.
Bildirilir ki, ABŞ prezidenti üç günlük sammit çərçivəsində Şimali, Cənubi və Mərkəzi Amerika ölkələri arasında münasibətlərə yeni nəfəs vermək niyyətindədir.
Sammitin informasiya mərkəzindən bildirilib ki, bu görüşdə immiqrasiya, enerji, iqlim dəyişikliyi kimi müxtəlif sahələrdə yeni təşəbbüslər müzakirə olunacaq və konkret həll yolları gündəmə gətiriləcək.
Qeyd edək ki, Amerika qitəsi ümumilikdə 35 ölkə və 23 bölgədən ibarətdir, təxminən bir milyard insana ev sahibliyi edir.
M.Arif