Xəbər lenti

ABŞ Ali Məhkəməsi pozitiv diskriminasiyanı ləğv etdi - Bunun mənası nədir?
Dünya11:33 01.07.2023

ABŞ Ali Məhkəməsi pozitiv diskriminasiyanı ləğv etdi - Bunun mənası nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Ali Məhkəməsi ölkənin təhsil müəssisələrinə qəbulda pozitiv ayrı-seçkiliyin ləğvi barədə qərar qəbul edib. Bu o deməkdir ki, abituriyentin irqi onların qəbul qərarında nəzərə alınmayacaq. Pozitiv ayrı-seçkilik ABŞ-da 1960-cı illərin əvvəllərindən ağ və qaradərili tələbələr arasında uçurumu aradan qaldırmaq üçün yaradılıb və bütün dövrlərdə siyasi və hüquqi mübahisələrin mənbəyi olub.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır.
İyunun 29-da ABŞ Ali Məhkəməsi ali təhsil müəssisələrinə abituriyentlərin qəbulunda pozitiv ayrı-seçkiliyin ləğv edilməsi barədə qərar qəbul edib. Bu o deməkdir ki, ölkədəki kollec və universitetlər bundan sonra abituriyentin irqini onun qəbul olmasına təsir edən amil hesab edə bilməyəcək.
Formal olaraq qərar Harvard Universiteti və Şimali Karolina Universitetinə qarşı qəbul edilib, lakin bütün digər təhsil müəssisələrindən bunu nəzərə almaq tələb olunacaq. İşdə iddiaçı hüquqşünas və mühafizəkar fəal Edvard Blüm tərəfindən təsis edilən "Tələbələr ədalətli qəbil naminə” təşkilat olub. Reuters-in məlumatına görə, o, uzun illərdir ki, müsbət ayrı-seçkiliyə qarşı mübarizə aparır.
Blüm iddiasında israr edirdi ki, mövcud pozitiv ayrı-seçkilik sxemi qaradərililərin hüquqlarına hörmət edir, eyni zamanda ağ və asiyalı ailələrdən olan abutiriyentlərə qarşı ayrı-seçkilik edir.
ABŞ-da tələbələr niyə irqlərə görə bölünür?
Bu qərarı XX əsrin ortalarında bəzi ştatlarda qaradərili əhalinin irqi seqreqasiyasının qanuni olaraq qaldığı Birləşmiş Ştatların tarixi diktə edir. 1961-ci ildə prezident Con Kennedi kollec və universitetlərə qəbul da daxil olmaqla, pozitiv ayrı-seçkiliyin tətbiqi haqqında fərman imzalayıb.
Bu nəyə lazım idi: o zaman ağdərili amerikalılar qəbula daha çox hazırlaşırdılar, yaxşı orta təhsil alırdılar, ailələri daha firavan idi və uşaqları üçün məktəb haqqını ödəyə bilirdilər. Beləliklə, pozitiv ayrı-seçkiliyin tətbiqi qərarı belə bir təhsil ala bilməyən qaradərili abituriyentlərlə ağdərililər aralarındakı uçurumu aradan qaldırmağa kömək etdi.
Zaman keçdikcə, bu qərar ABŞ-da latınamerikalı ailələr üçün də tətbiq olunmağa başladı.
Sözsüz ki, ilk gündən pozitiv ayrı-seçkiliyə qarşı çıxanlar da oldu. Ali Məhkəmə indi bütün ştatlarda əməl olunmalı olan qərar çıxarıb, halbukı doqquz ştatda əvvəllər də pozitiv ayrı-seçkilik qadağan edilib. Son onilliklərin hər birində təxminən iki dəfə ABŞ-da müxtəlif instansiya məhkəmələri bir irqin hüquqlarının digərinin hesabına pozulması ilə bağlı işlərə baxıb və hər iki istiqamətdə qərarlar qəbul ediblər.
ABŞ Ali Məhkəməsi oxşar işə hələ 1978-ci ildə baxıb. Həmin vaxt məhkəmə belə qərara gəlib ki, qəbul zamanı tələbələrin irqi nəzərə alına bilər, ancaq qərara təsir edən bir çox amillərdən biri kimi.
Pozitiv ayrı-seçkilik ABŞ təhsil sistemində ən mübahisəli qərarlardan biridir.
Ali Məhkəmənin qərarının siyasi mənşəyi varmı?
Bəli, mütləq. Respublikaçı prezidentlər tərəfindən Ali Məhkəməyə təyin edilmiş bütün mühafizəkar hakimlər pozitiv ayrı-seçkiliyə qarşı çıxıb.
Demokrat Partiyasının tərəfdarı sayılan hakimlər qərarın qüvvədə qalmasına səs veriblər. 
Bu qərara münasibət partiya mənsubiyyəti ilə fərqlənir. Respublikaçı kiçik Corc Buş pozitiv ayrı-seçkiliyə qarşı qərarlar qəbul edib, prezident postunda onu əvəz edən Barak Obama isə onları ləğv edib. 
2018-ci ilin yayında respublikaçı Donald Tramp universitetlərə qəbul zamanı pozitiv ayrı-seçkiliyin nəzərə alınması ilə bağlı tövsiyələri yenidən qüvvədən salıb.
Pozitiv ayrı-seçkiliyin sonudurmu?
Hökmən deyil. Co Baydenin Demokratik administrasiyası Ali Məhkəmənin qərarından çox narazıdır və sadəcə olaraq bunun siyasi səbəblərlə görə qəbul edildiyini vurğulayır.
"Biz bunun sonuncu qərar olmasına icazə verə bilmərik. Amerikada ayrı-seçkilik hələ də var”, - Co Bayden bildirib.
Təhsil naziri Migel Kardona məhkəmənin "universitet rəhbərlərinin kampusa müxtəliflik gətirmək üçün istifadə etdiyi çox vacib bir aləti əlindən aldığını" söyləyib.
"Məhkəmə qərarına mütləq əməl edəcəyik, - Harvard Universitetinin bəyanatında deyilir. - Gələcək həftələrdə və aylarda məhkəmənin qərarına uyğun olaraq əsas dəyərlərimizi necə qoruyub saxlayacağımızı müəyyənləşdirəcəyik”.
Maraqlıdır ki, məhkəmə Kaliforniya və Miçiqan universitetlərinin sənədlərini nəzərə alıb (hər iki ştat pozitiv ayrı-seçkiliyin artıq qadağan olunduğu doqquz ştatlar siyahısındadır). Bildirilib ki, hər iki təhsil müəssisəsi ayrı-seçkiliyi azaltmaq üçün alternativ proqramlara yüz milyonlarla dollar xərcləyib, lakin daha yaxşı həll yolu tapmaqdan "çox uzaqdır”.
Məhkəmədə qalib gələn Edvard Blüm bildirib ki, indi onun təşkilatı Ali Məhkəmənin qərarının necə icra olunmasına nəzarət edəcək və qərar lazımı qaydada icra olunmasa, yenidən məhkəməyə verəcək. 
Migel Kardona bildirib ki, Ağ Ev Ali Məhkəmənin qərarından sonra universitetlərə qəbul zamanı irqi müxtəlifliyin necə qorunub saxlanması ilə bağlı təhsil müəssisələrinə hüquqi təlimatlar göndərəcək.
Nizami Bağırov