ABŞ ordusu bu gün Alyaska üzərində səmada görünən şarı vurub.
Qaynarinfo xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi
deyib.
Onun sözlərinə görə, ABŞ hərbi idarəsi son 24 saat ərzində Alyaska ştatı üzərində, təxminən 12 km hündürlükdə uçan obyekti izləyib. Kirbinin sözlərinə görə, obyekt mülki uçuşlar üçün qəza təhlükəsi yaradır.
Pentaqonun məsləhəti ilə ABŞ prezidenti Co Bayden hərbçilərə obyekti vurmağı əmr edib və onlar da əmri icra edib, - Ağ Ev sözçüsü deyib.
Eyni zamanda, ABŞ bu hava obyektinin kimə məxsus olduğunu hələ bilmir.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın səmasında Çin şarı müşahidə edilib. Çin Xarici İşlər Nazirliyi hava şarının mülki olduğunu və elmi məqsədlər üçün istifadə edildiyini bildirib. Lakin ABŞ hərbçiləri sonda onların ərazisindən keçən şarı vurublar. ABŞ-da bu cihaz kəşfiyyatçı hesab olunub.
Çin şarının peyda olması iki ölkə arasında diplomatik qalmaqala səbəb olub.
Alpər