Xəbər lenti

ABŞ Avropaya 480 təkmilləşdirilmiş nüvə bombası göndərir
Dünya10:52 27.10.2022

ABŞ Avropaya 480 təkmilləşdirilmiş nüvə bombası göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ təkmilləşdirilmiş B61-12 nüvə bombalarını Avropaya dekabrda daşımağa başlayacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” özəl mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, əvvəlcə transferin gələn ilin yazında başlaması planlaşdırılırdı. Bu barədə ABŞ rəsmiləri NATO-dakı müttəfiqlərinə Brüsseldə qapalı görüş zamanı bildiriblər.
Ümumilikdə, ABŞ 2023-2024-cü illərdə köhnəlmiş B61 variantlarını B61-12 ilə əvəz edərək, Avropaya 480 təkmilləşdirilmiş nüvə bombası göndərməyi planlaşdırırdı. Köhnə bombaların yeni versiyalarla dəyişdirilməsi qərarı Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək hədələri ilə bağlıdır.
B61 termonüvə bombası ABŞ strateji nüvə qüvvələrinin əsas nüvə arsenalıdır. Onun ilk versiyası 1960-cı illərdə hazırlanıb, sonra bomba bir neçə dəfə modifikasiya edilib. Ən sonuncu - 12-ci modifikasiya 2015-ci ildə döyüş başlığı olmadan sınaqdan keçirilib.
"Köhnə B61-lərin yeni versiya ilə dəyişdirilməsi çoxdan planlaşdırılan təkmilləşdirmənin bir hissəsidir. Bu addımın Ukraynadakı hazırkı hadisələrlə heç bir əlaqəsi yoxdur, transfer sürətləndirilməyib”, deyə Pentaqonun sözçüsü general Patrik Rayder nəşrə bildirib.
Bununla belə, "Politico" iddia edir ki, prosesin sürətləndirilməsi Moskvanın zərbələrinə qarşı özünü daha həssas hiss edən avropalı müttəfiqlərə bir mesaj ola bilər. Pentaqonun və ABŞ Dövlət Departamentinin yaydığı və jurnalistlərin tədqiq etdiyi teleqrama görə, NATO müdafiə nazirlərinin görüşündəki müzakirələr müttəfiqlərin əsəbi olduğunu göstərir. Buradan belə çıxır ki, müttəfiqlər Rusiyanın nüvə ritorikasına görə NATO-da məsləhətləşmələrin davam etdirilməsini tələb ediblər.
Ukraynaya müdaxilə başlayandan bəri Rusiya prezidenti Vladimir Putin dəfələrlə Qərb ölkələrini nüvə müharibəsi ilə hədələyib. Oktyabrın 26-da o, son üç ildə birinci dəfə nüvə silahlarının bütün növlərinin iştirak etdiyi Rusiya strateji qüvvələrinin Qrom-2022 təlimlərini şəxsən keçirib.
NATO Hərbi Hava Qüvvələri bundan əvvəl - oktyabrın 17-də illik "Steadfast Noon” təlimini keçirməyə başlayıb. "Politico" yazır ki, məhz təlimlərin başlamasından bir neçə gün əvvəl ABŞ müttəfiqlərinə bombaların çatdırılmasının sürətləndirdiyini elan edib. İki həftəlik təlim bu bazar günü, oktyabrın 30-da başa çatır. Təlimlərdə 70 təyyarə iştirak edir.
Nizami Bağırov