52ABŞ dövlət katibi Entoni Blinken iyunun 16-dan etibarən Çinə səfər edəcək. Bu səfər ABŞ hava məkanında Çinə məxsus casus şarının aşkarlanması ilə bağlı hadisədən sonra təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Dövlət Departamenti məlumat yayıb.
Pekinə səfəri zamanı ABŞ diplomatiyasının rəhbəri "yüksək çinli rəsmilərlə görüşəcək və ABŞ və Çin arasında münasibətlərin məsuliyyətlə aparılması üçün açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyini müzakirə edəcək”.
"Bu, həmçinin ikitərəfli narahatlıq doğuran məsələləri, qlobal və regional problemləri və ümumi transmilli problemlərin həlli üçün potensial əməkdaşlığı həll edəcək”, - Dövlət Departamenti əlavə edib.
ÇXR Xarici İşlər Nazirliyi bildirir ki, ABŞ dövlət katibinin səfəri iyunun 18-dən 19-dək davam edəcək.
Dövlət Departamentinin Şərqi Asiya məsələləri üzrə yüksək vəzifəli diplomatı Daniel Kritenbrink jurnalistlərə bildirib ki, ABŞ Blinkenin səfəri zamanı Çinlə münasibətlərdə ciddi irəliləyiş gözləmir.
"Biz Pekinə bir-birimizlə münasibətimizdə bir növ irəliləyiş və ya transformasiya etmək niyyəti ilə getmirik. Biz Pekinə real, inamlı yanaşma və rəqabətimizi mümkün qədər məsuliyyətlə idarə etmək üçün səmimi istəklə gedirik”, - Reuters agentliyi Kritenbrinkdən sitat gətirib.
Ağ Evin Hind-Sakit okean regionu üzrə koordinatoru Kurt Kempbell jurnalistlərlə eyni söhbətdə Vaşinqtonun münaqişə riskini azaltmaq üçün böhran kommunikasiya mexanizmlərinin yaradılmasında maraqlı olduğunu bildirib.
Nizami Bağırov