ABŞ hakimiyyəti Çindən gələn turistlərin ölkəyə girişinə məhdudiyyətlər qoymaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə CNBC məlumat
yayıb.
Telekanal çərşənbə axşamı, dekabrın 27-də ABŞ rəsmilərinin bəyanatından sitat gətirir:
"Çində COVID-19 yoluxmalarının davamlı artması və bu barədə ÇXR-dən şəffaf məlumatların, o cümlədən virusun genomik ardıcıllığına dair məlumatların olmaması ilə bağlı artan beynəlxalq narahatlıq var”.
Bəyanatda qeyd edilir ki, bu cür məlumatlar olmadan ABŞ-ın səhiyyə sistemi "mütəxəssislərin potensial yeni ştammları müəyyən edə bilməsini və onların yayılmasını məhdudlaşdırmaq üçün tez bir zamanda tədbir görməsini təmin etmək getdikcə çətinləşir".
Eyni zamanda, ABŞ hakimiyyəti digər ölkələrin hazırda Çindən gələn turistlərlə bağlı gördüyü tədbirlərə də işarə edir. Belə ki, son günlər Yaponiya, Hindistan və Malayziya çinli turistlərin ölkəyə girişinə məhdudiyyətlər elan ediblər. Yaponiyaya daxil olmaq üçün peyvənd sertifikatı olduqda, hava limanına gəldikdən sonra COVID-19 testlərindən keçməli və mənfi nəticə almalıdırlar. Sertifikat olmadıqda, Çindən çıxanda da test verilməli olacaq. Yaponiyaya gəldikdən sonra test müsbət olarsa, turist yeddi gün karantinə alınacaq. Yaponiya hakimiyyəti Çinlə hava əlaqəsini də məhdudlaşdırıb: dekabrın 30-dan Yaponiyanın yalnız dörd hava limanı Çindən birbaşa uçuşlar qəbul edəcək.
Hindistan, həmçinin Çin də daxil olmaqla, gələn xarici turistləri testdən keçirir və testi müsbət çıxanlar və ya tes mənfi göstərsə belə, xəstəliyin xarakterik simptomları olanlar karantinə alınacaq.
Çin rəsmiləri məhdudiyyətlərə münasibət bildirib. Onlar hesab edirlər ki, "antikovid tədbirlər elmi cəhətdən əsaslandırılmış, yumşaq olmalı və insanların normal hərəkətlərinə mənfi təsir göstərməməlidir”.
Bu arada dünya mediası yazır ki, Çində bir çox xəstəxanalar koronavirus xəstələri ilə doludur və meyitxanalar COVID-19-dan ölənlərin hamısını yerləşdirə bilmir. Eyni zamanda, rəsmi statistikaya görə, son bir həftə ərzində Çində yalnız bir nəfər COVID-19-dan dünyasını dəyişib.
Nizami Bağırov