ABŞ bu ilin martında Çinlə pərdəarxası razılaşmanın bir hissəsi olaraq Polşaya Sovet MiQ-29 təyyarələri ilə Ukraynanı təchiz etməyə icazə verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spectator" Çinin siyasi və hərbi rəhbərliyinin ən yüksək eşelonlarında olan mənbələrə istinadən
yazır.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Pekin üçün əsas prioritet Moskva ilə NATO arasında qarşıdurmadan qaçmaq və xüsusən də nüvə eskalasiyasının qarşısını almaq olub. Bununla belə, fevralın əvvəlində çinli həmkarı Si Szinpinə məhdud xüsusi əməliyyat keçirmək planları barədə məlumat verən Rusiya prezidenti Vladimir Putin işğaldan üç gün sonra, fevralın 27-də Rusiya nüvə qüvvələrinə "yüksək hazırlıq” vəziyyətinə gətirilməsi əmrini verib.
Mənbələrin məlumatına görə, çinlilərin gözündə Putin səhv olaraq ən təhlükəli kartı oynayıb və bunu münaqişənin lap əvvəlində edib. Həmin günlərdə Polşa 2003-cü ildə Almaniyadan simvolik 1 avroya aldığı 26-33 ədəd MiQ-29 qırıcısının Ukraynaya ötürülməsini müzakirə edirdi. Pekin belə bir addımı NATO-nun münaqişədə birbaşa iştirakı kimi qiymətləndirib.
Vaşinqton ilk olaraq Polşanın hərbi yardımına müsbət yanaşıb, lakin martın 8-də Pentaqonun mövqeyi kəskin şəkildə dəyişib və ABŞ hərbi rəsmiləri Varşavanın təklifini "məqbul” hesab etməyiblər. "Spectator” mənbələrinin məlumatına görə, bu, Pekin və Vaşinqton arasında Avropa liderlərinin iştirakı ilə pərdəarxası razılaşmadan sonra baş verib - ABŞ Kiyevə təyyarələrin tədarükünü qadağan edəcək, çinli generallara isə Rusiya Baş Qərargahı ilə təmaslar yolu ilə "Putinin nüvə təhlükəsini neytrallaşdırmaq üçün mümkün olan hər şeyi edəcək”.
"Bu işlədi",- çinli mənbə deyib. Bundan sonra ABŞ Ukraynaya hərbi yardım etsə də, son dərəcə ehtiyatlı davranıb. Ən azı, Vaşinqton Pekinin narahatlığını nəzərə alıb. NATO indiyədək hücum təyyarələri, helikopterlər, tanklar, eləcə də uzaq mənzilli raketlər və qanadlı raket sistemləri verməkdən çəkinib.
Çin də öz növbəsində Rusiyadan hərbi dəstəyi geri çəkərək Putini İrandan pilotsuz uçuş aparatları almağa və kompüter çiplərini çıxarmaq üçün məişət texnikasını təkrar emal etməyə məcbur edib.
Noyabrın 15-16-da keçirilən G20 sammitində Çin prezidenti Si Szinpin Ukraynadakı münaqişədə nüvə silahından istifadənin əleyhinə çıxış edib, həmçinin müharibəni dayandırmağa və Moskvanı danışıqlar masasına oturmağa çağırıb. "Si Szinpin Çinin Ukrayna böhranı ilə bağlı mövqeyinin aydın və ardıcıl olduğunu vurğulayıb və o, atəşkəs, müharibənin dayandırılması və sülh danışıqlarının tərəfdarıdır", - Çinin Sinxua xəbər agentliyi yazıb.
Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, Çin lideri Putinə Ukraynada nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq da göndərib. Onun sözlərinə görə, Si rusiyalı həmkarına deyib: "Biz birlikdə işləyirik, bir-birimizə hörmət edirik, lakin siz nüvə silahı ilə sərhədi keçə bilməzsiniz və beynəlxalq hüquqa hörmət etməlisiniz". Si Szinpin ABŞ prezidenti Co Baydenlə də görüşdə də eyni şeyi edib. Liderlər vurğulayıblar ki, "Nüvə müharibəsi heç vaxt baş verməməlidir”.
Nizami Bağırov