Son bir neçə ay ərzində ABŞ hökuməti minlərlə internetə qoşulan cihazı müvəffəqiyyətlə "sındıran” Çinin genişmiqyaslı haker hücumu ilə mübarizə əməliyyatına başlayıb.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
Agentliyin mənbələri bildiriblər ki, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu məhkəmədən Çin hakerlik kampaniyasının bəzi aspektlərini uzaqdan söndürmək üçün hüquqi icazələr alıb.
Bayden administrasiyası kiberhücumlara diqqətini təkcə xarici dövlətlərin noyabrda ABŞ-da keçiriləcək seçkiləri pozmağa cəhd edə biləcəyinə görə deyil, həm də şantajçı proqramların 2023-cü ildə korporativ Amerikaya ziyan vurmasına görə diqqət mərkəzində saxlayır.
Kəşfiyyatı, xüsusilə son zamanlar aktivlik göstərən "Volt Typhoon” haker qruplaşması narahat edir. Qruplaşmanın nümayəndələri bildirirlər ki, onlar dəniz limanları, internet provayderləri və kommunal xidmətlər də daxil olmaqla, Qərbin kritik infrastrukturunu pozmağa yönəlmiş daha böyük səylərin bir hissəsidirlər.
Təhlükəsizlik sahəsi üzrə tədqiqatçılar Reuters agentliyinə bildiriblər ki, "Volt Typhoon” daha həssas hədəflərə qarşı növbəti hücumları gizlətmək üçün dünya üzrə çox sayda həssas rəqəmsal cihazlara (məsələn, routerlər, modemlər və hətta İnternetə qoşulmuş müşahidə kameraları) nəzarətini ələ keçirməklə işləyir. Botnet kimi tanınan uzaqdan idarə olunan sistemlər toplusu təhlükəsizlik rəsmilərini narahat edir, çünki o, kompüter şəbəkələrində xarici izləri izləyən kibermüdafiəçilərin görmə qabiliyyıtini məhdudlaşdırır.
"Çinlilər coğrafi olaraq limanın və ya internet provayderinin yaxınlığında yerləşən kamera və ya modemə nəzarət edir, sonra isə müdaxilələrini real hədəfə yönəltmək üçün həmin təyinatdan istifadə edirlər. Növbəti addım üzərində işləyən İT komandası üçün bu, onların yaxınlığında oturan adi istifadəçi kimi görünür”, – məsələdən xəbəri olan keçmiş məmur bildirib.
Onun sözlərinə görə, həm hökumət, həm də cinayətkar hakerlər tərəfindən kiber əməliyyatlarının gizlədilməsi üçün botnetlərdən istifadə yeni bir şey deyil. Bu yanaşma adətən hücumun mənşəyini gizlətməyə çalışdıqda istifadə olunur.
"Volt Typhoon” kampaniyası ilk dəfə 2023-cü ilin mayında üzə çıxsa da, keçən ilin sonlarında hakerlər əhatə dairəsini genişləndirib və bəzi üsullarını dəyişiblər.
Haker hücumlarının geniş yayılması Ağ Evlə özəl texnologiya sənayesinin nümayəndələri, xüsusən də bir neçə telekommunikasiya və bulud şirkətləri arasında bir sıra görüşlərə səbəb olub. Bu görüşlərdə ABŞ hökuməti onlardan yardım istəyib.
Milli təhlükəsizlik ekspertlərinin fikrincə, bu cür müdaxilələr Çinə Hind-Sakit okean regionunda ABŞ hərbi əməliyyatlarını dəstəkləyən və ya xidmət edən kritik qurğuları uzaqdan söndürməyə imkan verə bilər. Mənbələrin bildirdiyinə görə, ABŞ rəsmiləri hakerlərin Çinin Tayvana müdaxiləsi halında ABŞ-ın hazırlığını pozmağa çalışmasından narahatdırlar.
Reuters qeyd edir ki, Qərb ölkələri 2023-cü ilin mayında "Volt Typhoon” haqqında ilk dəfə xəbərdarlıq edəndə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin hakerlik iddialarının "Beş göz” ölkələrinin (ABŞ, Kanada, Yeni Zelandiya, Avstraliya və Böyük Britaniya – red.) "kollektiv dezinformasiya kampaniyası" olduğunu söyləyib.
Nizami Bağırov