Dünya 15:12 27.03.2024

ABŞ “Crocus City Hall” terrorunda Qərb və Ukraynanın iştirakını təkzib etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun "Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktının arxasında Böyük Britaniya, ABŞ və Ukraynanın olduğu barədə bəyanatını təkzib edib.

Qaynarinfo xəbər verir ki, Miller keçirdiyi brifinqdə Bortnikovun bəyanatını şərh edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Moskva vilayətində baş verən atışmada Ukraynanın əli olduğuna dair heç bir sübut yoxdur.

"Və mən deyərdim ki, Rusiya rəsmilərinin, o cümlədən Putinin bu şərhləri onların Ukraynaya qarşı növbəti təcavüzünə haqq qazandırmaq üçün sadəcə təbliğatdır”, - o deyib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda "Piknik” qrupunun konsertinin keçirilməli olduğu "Crocus City Hall” konsert zalına gələnlərə bir neçə nəfər atıcı silahlardan atəş açıb. Rusiya hakimiyyətinin məlumatına görə, hadisədə 139 nəfər həlak olub.
Bundan sonra Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, "Crocus City Hall”da baş verən terror aktının arxasında Böyük Britaniya, ABŞ və Ukrayna dayanır.

Nizami Bağırov