ABŞ Kiçik Biznes Administrasiyası koronavirus pandemiyası zamanı kredit və qrant fırıldaqçılıq sxemləri haqqında hesabat dərc edib.
Qaynarinfo xəbər verir ki, ümumilikdə təşkilatlara kömək üçün 1,2 trilyon dollar ayrılıb. Federal agentliyin hesablamalarına görə, bütün vəsaitlərin 17%-i fırıldaqçı təşkilatlara paylanıb. Potensial ziyan 200 milyard dollar təşkil edib.
Pandemiya xərclərinə nəzarət edən ABŞ prezidentinin baş müşaviri Gen Sperlinq "Associated Press"ə
bildirib ki, maliyyə cinayətlərinin 86%-i pandemiyanın ilk 9 ayında baş verib. Həmin vaxt Donald Tramp ABŞ prezidenti idi. Müşavir də verilən rəqəmlərin düzgünlüyünə şübhə ilə yanaşıb.
"200 milyard dollar çox böyük rəqəmdir, lakin bir daha xatırlamaq lazımdır ki, bu, potensial fırıldaqdır. Ən çox ehtimal olunan və ya real zərərin ölçüsünün çox az olduğunu düşünürük. 100 milyard dollardan əhəmiyyətli dərəcədə az, bəlkə də 40 milyard dollar civarındadır”, deyə Sperlinq bildirib.
Dərc edilmiş hesabata görə, 2023-cü ilin may ayına kimi ABŞ Xəzinədarlığına təxminən 30 milyard dollar qaytarılıb: 8 milyard dollar maliyyə institutlarına və 20 milyard dollar borcalanlara. Həmçinin qeyd edilir ki, ABŞ Baş Müfəttişliyi ofisinin işi nəticəsində 1011 ittiham və 529 hökm çıxarılıb, 803 nəfər həbs edilib, 570 istintaq davam edir.
Bundan əvvəl "Axios" portalı
xəbər vermişdi ki, pandemiya zamanı ABŞ-da bütün işsizlik ödənişlərinin yarısı, yəni 400 milyard dollar fırıldaqçıların əlinə keçib. Onlar fayda əldə etmək üçün amerikalıların oğurlanmış şəxsi məlumatlarından istifadə ediblər.
Aydın