ABŞ-da aparılan yeni araşdırma göstərib ki, ölkədə əksər kriminalistika laboratoriyalarının istifadə etdiyi DNT analiz nəticələri faylları görünən iz qoymadan dəyişdirilə bilər.
Qaynarinfo xəbər verir ki, araşdırma barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, ABŞ-ın kriminalistika və kompüter elmləri üzrə mütəxəssislərindən ibarət tədqiqat qrupu fiziki DNT nümunələrinin skan edilməsindən sonra yaradılan rəqəmsal məlumatları redaktə etməyə nail olub. Eksperiment zamanı sistem fayllara müdaxilə edildiyini göstərən heç bir əlamət qeydə almayıb.
Tədqiqatçılar bildiriblər ki, eksperiment üçün istifadə olunan proqram kodu açıq mənbəli süni intellekt alətlərinin köməyi ilə hazırlanıb. Bununla belə, bu, süni intellektin laboratoriya avadanlığını sındırdığı anlamına gəlmir. Sadəcə, süni intellekt faylların dəyişdirilməsi üçün alətin hazırlanmasını xeyli asanlaşdırıb.
Araşdırmada vurğulanır ki, problem fiziki DNT nümunələrinə təsir etmir. Lazım gəldikdə həmin nümunələr yenidən analiz oluna bilər. Lakin rəqəmsal nəticələrin etibarlılığı ilə bağlı suallar yaranır. Çünki ekspertlər məhz bu məlumatlar əsasında DNT profilləri hazırlayır, cinayət yerindən götürülmüş nümunələri şübhəlilərin DNT-si ilə müqayisə edir və məhkəmələr üçün ekspert rəyləri tərtib edirlər.
DNT analizlərinin nəticələri adətən elektroforeqram şəklində təqdim olunur. ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) məlumatına görə, bu nəticələr ekspert tərəfindən yoxlanılır və uyğunluğun statistik etibarlılığı qiymətləndirilir.
Tədqiqat müəllifləri bildiriblər ki, indiyədək real cinayət işlərində DNT sübutlarının saxtalaşdırılmasına dair təsdiqlənmiş fakt aşkar edilməyib. Eksperiment yalnız belə müdaxilənin texniki baxımdan mümkün olduğunu göstərib və laboratoriyaların arxivlərinin artıq sındırıldığını sübut etmir.
Günay
Şərhlər