Alimlər Kaliforniyada yerləşən San-Andreas və San-Xasinto qırılma zonalarında son 1000 ilin ən yüksək gərginlik səviyyəsinin qeydə alındığını bildirirlər. Bu isə bölgədə böyük zəlzələnin baş vermə riskinə dair narahatlıqları artırır.
Qaynarinfo xəbər verir ki, məlumatı "The Hill” yayıb.
Havay Universitetinin (Manoa) tədqiqatçılarına görə, qırılma xətləri "misilsiz səviyyədə” gərginlik toplayıb. "Journal of Geophysical Research: Solid Earth” jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, zəlzələlər zamanı adətən boşalan bu gərginlik artıq 160 ildir yığılıb.
Tədqiqatın aparıcı müəllifi Lillian Burkhard bildirib ki, qırılma sistemi hazırda kritik yüklənmiş vəziyyətdədir.
"Bizim nəticələr göstərir ki, bir neçə qırılma seqmentində gərginlik səviyyəsi son min ildə müşahidə olunan ən yüksək göstəricilərə çatıb və region həm San-Andreas, həm də San-Xasinto sistemlərini əhatə edə biləcək böyük, vahid qırılma üçün hazır ola bilər", deyə o bildirib.
Alimlərin fikrincə, Cənubi Kaliforniyada yerləşən Kahon aşırımı (Cajon Pass) iki qırılma xətti arasında "təhlükəsizlik klapanı” kimi çıxış edə bilər və böyük zəlzələlərin eyni anda baş verməsinin qarşısını ala bilər. Lakin eyni zamanda bu zona sinxron qırılmanı da asanlaşdıra bilər.
Belə bir halda San-Andreas və San-Xasinto qırılma xətlərinin eyni anda aktivləşməsi Los-Anceles, San-Bernardino, Riversayd və Koçella vadisi kimi sıx məskunlaşmış ərazilərdə daha dağıdıcı nəticələrə səbəb ola bilər.
Burkhard bildirib ki, qırılma xətlərinin necə davranacağı əsasən həmin anda gərginlik səviyyələrinin üst-üstə düşməsindən asılıdır.
Tədqiqat çərçivəsində alimlər regionun 1000 illik zəlzələ tarixini kompüter modellərinə daxil ediblər. Bu məlumatlar radiokarbon analizi, yer dəyişmiş çöküntülərin tədqiqi və ağac halqalarının öyrənilməsi ilə bərpa edilib.
Havay Universiteti qeyd edir ki, bu araşdırma zəlzələ riskinin daha dəqiq qiymətləndirilməsinə və fövqəladə hallara hazırlığın yaxşılaşdırılmasına kömək edə bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, bu, zəlzələnin dəqiq vaxtını proqnozlaşdırmır. "Biz deyə bilərik ki, sistem kritik vəziyyətdədir və müxtəlif ssenarilər üçün hazır olmalıyıq", deyə Burkhard bildirib.
Kaliforniya hakimiyyət orqanları isə sakinləri böyük zəlzələyə qarşı hazırlıq görməyə çağırır. Rəsmi tövsiyələrə görə, belə hadisələr qəfil və xəbərdarlıq olmadan baş verə bilər.
Aydın
Şərhlər