Çərşənbə axşamı ABŞ dövlət katibi Entoni Blinken Moskvanın maraq və təsir dairəsi hesab etdiyi regiona ilk dəfə səfər edib. Astanada o, beş Mərkəzi Asiya ölkəsinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderləri ilə görüşəcək, daha sonra Daşkəndə ayrıca səfərə gedəcək.
"The Wall Street Journal” və
"The New York Times” qəzetləri yazır ki, Co Bayden administrasiyası Mərkəzi Asiya ölkələrini Moskvaya sanksiyalardan yayınmağa kömək etməməyə inandırmaq, habelə Rusiya və Çinlə əlaqələrini zəiflətmək üçün regionda fəaliyyətini gücləndirmək niyyətindədir.
"Bizim əsas məqsədimiz ABŞ-ın etibarlı tərəfdaş olduğunu göstərməkdir. Biz bu ölkələrin üzləşdiyi çətinlikləri görürük - yüksək ərzaq və yanacağ qiymətləri, yüksək səviyyədə işsizlik, malların ixracında çətinlik, Covid pandemiyasından sonrakı ləng inkişaf və Rusiyadan böyük miqrant axını, - deyə dövlət katibinin müavini Donald Lu jurnalistlərə bildirib. - Biz bu bölgədəki insanlara dəstək olmaq üçün çalışırıq".
Ukraynadakı müharibə indiyədək regionda kifayət qədər siyasi və iqtisadi təsirə malik olan Mərkəzi Asiyanın Rusiya ilə münasibətlərinə ciddi zərbə vurub. Onların heç biri aqressiyanı dəstəkləməyib, hətta 2022-ci ilin əvvəlində Moskvanın hökumət əleyhinə etirazları yatırmağa kömək etdiyi Qazaxıstan da. Qazaxıstan Qərbin sanksiyalarına qoşulmayıb, lakin "onlardan yan keçmək üçün müxtəlif şirkətlərdən istifadə etməyəcək", - Xarici işlər naziri Muxtar Tleuberdi dekabrda bildirib. O əlavə edib ki, Qazaxıstan "bütün ölkələrdən investisiya cəlb etmək” üçün Çin, Mərkəzi Asiyadakı qonşuları, həmçinin ABŞ, Yaponiya, Aİ, Böyük Britaniya ilə əlaqələri inkişaf etdirməyə davam edəcək.
Prezident Kasım-Comart Tokayev Rusiyadan asılılığı azaltmaq üçün iqtisadi əlaqələri şaxələndirməyə çalışır. Son bir il ərzində o, ticarət əlaqələri qurmaq və investisiya cəlb etmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olub. Qazaxıstan da Rusiya infrastrukturundan yan keçməklə, Avropanın neft bazarında Rusiyanı əvəz etməyə çalışır. Noyabrda o, Xəzər dənizi ilə neft ixracını 1,5 milyon ton artıracağını və onu Bakı-Ceyhan boru kəməri ilə çatdıracağını açıqlayıb. Tokayevin sözlərinə görə, onun vasitəsilə tədarüklər sonda 20 milyon tona qədər arta bilər.
Hökumət həmçinin Almaniyanın Svevind Energy Group şirkəti ilə dünyanın ən böyük yaşıl hidrogen zavodlarından birinin tikintisinə dair müqavilə imzalayıb. Plana görə, 10 ildən sonra o, Avropanın yeni yanacağa idxal ehtiyacının beşdə birini ödəyə biləcək.
Vaşinqton bu mövqeyi bəyənir, onlar hesab edirlər ki, Rusiya ilə sıx əlaqələri olan və Çinlə əlaqələri inkişaf etdirən regionda öz mövqelərini gücləndirmək imkanı var. WSJ ABŞ rəsmilərinə istinadən yazır ki, ABŞ administrasiyası Qazaxıstanın hərəkətlərini təşviq edir. Vaşinqton müvafiq icazələr verməklə sanksiyaya məruz qalan Rusiya banklarının üç yerli bölməsinin Qazaxıstanın mülkiyyətinə keçməsinə kömək edib.
Lu bildirib ki, sanksiyalar Vladimir Putinə Ukraynada müharibə aparmağa kömək edən Rusiya təşkilatlarını hədəfləyir, eyni zamanda iqtisadi əlaqələrin şaxələndirilməsi Qazaxıstan və onun qonşuları üçün ekzistensial xarakter alır. Onun sözlərinə görə, ABŞ-ın məqsədi "Mərkəzi Asiya respublikalarının, onların xalqlarının və ya iqtisadiyyatlarının maraqlarına zərər vurmamaqdır”.
Nizami Bağırov