Çərşənbə günü, yanvarın 31-də ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Ukraynaya səfər edib.
Qaynarinfo
xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink bildirib.
"Ukraynaya qayıtmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm, Viktoriya Nuland”, - mesajda deyilir.
Brink deyib ki, o və Nuland hökumət liderləri, veteranlar və vətəndaş cəmiyyəti ilə görüşərək Ukraynada Rusiyanın təcavüzünə qalib gəlmək üçün birgə öhdəliklərini vurğulayacaqlar.
Bazar ertəsi, yanvarın 29-da ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) baş müfəttişləri Kiyevə gəliblər.
Brink bildirib ki, onların icraçılar, tərəfdaşlar və Ukrayna hökuməti ilə görüşləri ABŞ-ın Ukraynaya yardımına nəzarəti və hesabatlılığı gücləndirməyə kömək edəcək.
6 dekabr 2023-cü ildə Ukrayna, İsrail və Tayvana təxminən 106 milyard dollar məbləğində yardımın maliyyələşdirilməsinə dair qanun layihəsi respublikaçıların daha sərt immiqrasiya siyasəti tələbləri səbəbindən ABŞ Senatında prosedur səsverməsindən keçə bilməyib. Onlar Meksika ilə sərhədin mühafizəsini gücləndirməyə və bu məsələyə yalnız Ukrayna və İsrailə yardımla bağlı baxmağa çalışıblar.
Kiyevə yardım paketinə 61 milyard dollar daxildir. Yanvarın 17-də prezident Bayden Konqres liderləri ilə Ağ Evdə Ukrayna üçün pulu ehtiva edən milli təhlükəsizlik xərcləri haqqında qanun layihəsini müzakirə etmək üçün görüşüb.
The Wall Street Journal yazıb ki, Amerika lideri tənqiddən yayınmaq və Kiyevə yardım göstərmək üçün immiqrasiya siyasətini sərtləşdirməyə razılaşıb.
Alpər