Dünya 09:51 22.09.2022

ABŞ generalından Rusiyanın nüvə təhdidinə qorxunc cavab: “Nüvə silahı atılsa...”

Rusiya prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadə edərsə, ABŞ ordusu Rusiyanın Qara dəniz donanmasına və Krımdakı bazalarına "sarsıdıcı zərbə” vuracaq.

Qaynarinfo xəbər verir ki, bunu təqaüddə olan ABŞ general-leytenantı Ben Hodces bildirib.

RBC-nin məlumatına görə, Hodces vurğulayıb ki, o, Rusiyanın nüvə silahından istifadə senarisini "son dərəcə qeyri-mümkün” hesab edir, lakin ABŞ prezidenti Co Baydenin istənilən strateji kütləvi qırğın silahından istifadəsinə reaksiyası "tez və sərt” olacaq.

Təqaüddə olan hərbçi qeyd edib ki, Vaşinqtonun cavabı nüvə silahıyla olmaya bilər, lakin ABŞ "Qara dəniz donanmasını və ya Krımda Rusiya bazalarını məhv etməyə” cəhd edə bilər.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyasının vətəndaşlarına müraciətində prezident Vladimir Putin Qərbin "anti-Rusiya siyasətində hər bir xətti keçdiyini” bildirmişdi. Üstəlik, o, Qərbin "Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadə təhlükəsi ilə nüvə şantajından” istifadə etdiyini iddia edib. Putin xəbərdarlıq edib ki, ərazi bütövlüyü təhlükə altına düşəndə Rusiya "bütün mümkün vasitələrdən” istifadə edəcək.
 
Alpər