Xəbər lenti

ABŞ Haaqa Tribunalından niyə qorxur? - Zərdüşt Əlizadənin şərhi
Dünya 18:52 09.03.2023

ABŞ Haaqa Tribunalından niyə qorxur? - Zərdüşt Əlizadənin şərhi

"Pentaqon bu məsələnin presedent yaratmasından çəkinir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Pentaqonun Bayden administrasiyasına Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair sübutların Haaqa məhkəməsinə ötürülməsinə mane olması barədə "The New York Times” gedən yazını şərh edərkən deyib. Onun fikrincə, Pentaqon bu məsələnin qabardılmasında maraqlı deyil:
 
"Onların fikrincə, Haaqa Məhkəməsi Ukraynada hərbi cinayət törədən rus hərbçilərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarsa, növbəti dəfə həmin presedentdən istifadə edib, digər dövlətlər də hərbi cinayətlər törədən ABŞ əsgər və zabitlərinin də məsuliyyətə cəlb edilməsi təşəbbüslərilə çıxış edə bilərlər. Ona görə də Pentaqon bu məsələnin qabardılmasında maraqlı deyil. ABŞ hökuməti dəfələrlə qəti şəkildə bildirib ki, heç bir beynəlxalq qurumun plkə ordusu qulluqçularının əməllərini tədqiq və mühakimə etmək hüququnu tanımır. Beynəlxalq məhkəmələr belə bir cəhdə bulunsa, ABŞ onlara qarşı sanksiya tətbiq edəcək. Onların fikrincə, Amerika vətəndaşları yalnız ABŞ məhkəməsində mühakimə oluna bilər”. 
 


Politoloq qeyd edir ki, ABŞ beynəlxalq məhkəmələrin hüquqlarını tanımır:
 
"Ona görə indiki halda da Vaşinqton eyni mıəntiqlə bu məsələnin geniş yayılmasında maraqlı deyil və başqa dövlətlərin əsgər və zabitlərinin hərbi cinayətlərinin beynəlxalq məhkəmələrdə araşdırılmasının əleyhinədir”. 

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi prezident Co Baydenin Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair sübutların Haaqa məhkəməsinə ötürülməsinə mane olur. Belə bir məlumat ABŞ-ın "The New York Times" qəzetində gedib. 

Mətbu orqanın məlumatına görə, digər qurumlar, o cümlədən xüsusi xidmət orqanları, Dövlət Departamenti və Ədliyyə Nazirliyi isə dəlillərin məhkəməyə verilməsinin tərəfdarıdır. Belə vəziyyətdə Baydenin qərar verməkdə çətinlik çəkərək, çıxılmaz vəziyyətdə qaldığı söylənilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->