Xəbər lenti

Dünya 13:36 30.05.2025

"ABŞ HƏMAS-ı sıradan çıxartmaq istəyir" - Ekspert

"Bugünkü atəşkəs də, 1948-ci ildən bəri imzalanmış, lakin nəticə verməmiş saysız-hesabsız razılaşmalardan biri olmaq təhlükəsi ilə üz-üzədir. Əgər bu dəfə də nəticə ədalətli və davamlı idarəçiliyin qurulması ilə tamamlanmazsa, proses yenidən uğursuzluğa düçar olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Qəzzada 60 günlük atəşkəsin əldə edilməsilə bağlı razılaşmanı şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, bugünkü atəşkəs razılaşmasının münaqişəyə tamamilə son verəcəyinə dair iddialar inandırıcı deyil:

"Ümumiyyətlə, münaqişənin ilk günlərindən etibarən bildirmişdim ki, ABŞ bu prosesdə HƏMAS-ın yerinə konsorsium idarəçiliyinin tərəfdarıdır. Konsorsium dedikdə - ərəb dövlətlərini, qismən İsraili, Fələstin Muxtariyyətini və zaman-zaman Türkiyəni də əhatə edən çoxtərəfli bir idarəçilik modeli nəzərdə tutulur. Artıq xeyli zamandır ki, bölgənin yenidən qurulmasında bu aktorlar maraqlıdır. ABŞ və onun tərəfdaşları bölgədə yalnız bir aktorun - bu halda HƏMAS-ın hərbi və inzibati idarəçiliyinə son verilməsini istəyir. HƏMAS-ın mövcudluğu Yaxın Şərqdə planlaşdırılan yeni düzənə və regional idarəçiliyin paylaşılmasına mane olan əsas faktorlardan biri kimi görülür".



Bu səbəbdən, ekspertin fikrincə, prosesin davamında HƏMAS-ın hərbi qanadının neytrallaşdırılması, siyasi qanadın isə müəyyən güzəştlərə getməsi ehtimalı yüksəkdir:

"Bütün bu təşəbbüslərin əsas məqsədi bölgədə birtərəfli idarə üsuluna son qoymaq, onun yerinə bütün əsas tərəflərin iştirak etdiyi və qarşılıqlı razılaşmaya əsaslanan yeni bir idarəçilik mexanizmi qurmaqdır".
 
Lakin konfliktoloqa görə, bu proses zahirdə göründüyü qədər elə də asan deyil:

"Çünki uzun illər ərzində formalaşmış güc balansını dəyişmək və onu davamlı siyasi razılaşmalarla əvəzləmək ciddi diplomatik və regional müqavimətlə qarşılaşır. Fələstinlilərin bu kontekstdə əsasən Fələstin Muxtariyyətini qurmaq və ərazi bütövlüyünə sahib olmaq hüququ təmin olunmadıqca, bu münaqişə mahiyyət etibarilə həll olunmuş sayılmayacaq".

Qeyd edək ki, İsrail və HƏMAS Qəzza zolağında 60 günlük atəşkəslə bağlı növbəti razılığa gəliblər. Bu barədə "Al Arabiya” məlumat yayıb. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın yaxın bir neçə saat ərzində razılaşmanı açıqlayacağı gözlənilir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->