Xəbər lenti

ABŞ hərbçiləri İsrail-Fələstin savaşına müdaxilə edəcək? (ŞƏRH)
Dünya08:59 17.10.2023

ABŞ hərbçiləri İsrail-Fələstin savaşına müdaxilə edəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb. Görünür bunun nəticəsidir ki, ABŞ öz ordusuna İsraili dəstəkləmək üçün Yaxın Şərqə yerləşməyə hazır olmaq əmri verilib. Xarici mətbuatın yazdığına görə, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin tapşırıq verib.
"The Wall Street Journal” (WSJ) Pentaqon nümayəndələrinə istinadən məlumat yayıb ki, ABŞ iki min əsgərini İsrailə göndərəcək. Qeyd edək ki, ondan əvvəl ABŞ -ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə səfərdə olub. Ardınca Prezident Co Baydenin də İsrailə səfər edəcəyi gözlənilir. İddialara görə, o  səfər fonunda Netanyahu hökumətini Qəzaya  hücum əməliyyatından çəkindirməyə çalışacaq.  Çünki indiki şəraitdə Bayden üçün imic baxımından əlverişli deyil. Amma bununla belə, görünən odur ki, ABŞ qoşunlarını Yaxın Şərqdə yerləşdirməyə hazırlaşır. Bu fonda bir çoxlarının qənaətinə görə, Vaşinqtonun həmin addımı Yaxın Şərqdə böyük miqyaslı müharibənin ola biləcəyinə işarədir. 
Aydın məsələdir ki, İsrailin HƏMAS-ı məhv etmək üçün Qəzza bölgəsinə hücumu terror qruplaşmasını dəstəkləyən və ona dayaq duran qüvvələrin yəhudi dövlətinə qarşı hərəkətə keçməsinə rəvac verə bilər. Belə ki, yaranmış vəziyyətdə istər-istəməz prosesə digər qüvvələrin qoşulma ehtimalı da istisna deyil. İranpərəst "Hizbullah" qruplaşması İsrail ordusu ilə Qəzzaya daxil olacağı təqdirdə, bu ölkəni vuracağı ilə hədələyib. Aydındır ki, belə davranış İsraili Qəzzaya hücumla bağlı fikrindən daşındırmaq məqsədi daşıyır.
İrana gəlincə, Tehran hələlik HƏMAS-ı yalnız dəstəklədiyini bəyan etməklə kifayətlənib. Amma aydın məsələdir ki, hadisələrin gedişindən asılı olaraq, Tehranın prosesdə bu və ya digər şəkildə istirakı da istisna deyil. Vaşinqton müttəfiqinə, eyni zamanda özünə qarşı bu sayaq təhlükələri açıq şəkildə gördüyündən regiona öz hərbi qüvvələrini göndərməklə, prosesin nəzarət altından çıxmamasına çalışır. ABŞ-ın bu addımı birmənalı şəkildə İsrailə qarşı olan qüvvələri ona münasibətdə gücə əl atmaqdan çəkindirmək məqsədi daşıyır. Yəni, dünya gücünün bu demarşı Təl-Əvivin HƏMAS-a qarşı atacağı növbəti addımlar qarşılığında, İran və "Hizbullah"a sakit dayanmaları üçün edilən xəbərdarlıqdır. Əks təqdirdə, onlar qarşılarında ABŞ-ın güclü ordusunu görəcəklər. Bu isə İsrailin Qəzza bölgəsində hərbi əməliyyata başlaması üçün əl-qolunun açılması deməkdir. Çünki ABŞ ordusunun bölgədə yerləşməsilə İsrail Qəzzaya hücum fonunda özünü İran və "Hizbullah"dan gələn təhlükələrdən sığortalamış olacaq. ABŞ ordusunun Yaxın Şərqə səfərbər edilməsi məhz bu məqsədə, yəni İran və "Hizbullah"ı İsrailə qarşı güc işlətməkdən çəkindirməyə xidmət edir. 
Rüfət Sultan