ABŞ Maliyyə Nazirliyi Hindistanın neft emalı zavodlarına Rusiyadan neft almağa müvəqqəti icazə verib. Bu qərar yalnız 30 gün qüvvədə olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində məlumat verib.
"Prezident Trampın enerji proqramı nəticəsində neft və qaz hasilatı tarixdə ən yüksək səviyyəyə çatıb. Neftin dünya bazarına axınının davam etməsi üçün ABŞ Maliyyə Nazirliyi Hindistanın neft emalı zavodlarına Rusiyadan neft almağa imkan verən 30 günlük müvəqqəti icazə verib", deyə paylaşımda qeyd olunub.
Bessentin sözlərinə görə, bu qısamüddətli addım Rusiya hökumətinə böyük maliyyə qazancı gətirməyəcək, çünki icazə yalnız artıq dənizdə olan neft üzrə müqavilələrə şamil edilir:
"Hindistan ABŞ üçün mühüm tərəfdaşdır və biz Nyu-Dehlinin Amerika neftinin alışını artıracağını gözləyirik. Bu müvəqqəti tədbir İranın qlobal enerji bazarını girov götürmək cəhdindən yaranan təzyiqi azaltmağa kömək edəcək".
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən Hörmüz boğazından neft tədarükü demək olar ki, tamamilə dayanıb. Bu isə neft idxal edən ölkələrdə, o cümlədən Hindistanda narahatlıq yaradıb. Nyu-Dehli enerji ehtiyaclarını qarşılamaq üçün Rusiyadan neft tədarükünü artırmaq variantını nəzərdən keçirirdi.
Martın 5-də məlum olub ki, Hindistan Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiyadan neft alışını artırmağa hazırdır. Gözlənilir ki, "Urals" markalı təxminən 1,4 milyon barel neft daşıyan iki tanker bu həftə Hindistan limanlarında boşaldılacaq. Həmin tankerlər əvvəlcə Şərqi Asiyaya doğru istiqamətlənmişdi.
Aydın
Şərhlər