ABŞ-ın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları bazar ertəsi Fransa nümayəndəsinin çıxışı zamanı etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər.
"Report"un verdiyi məlumata görə, bu addım ötən həftə Fransa diplomatlarının Vaşinqtonla bağlı verdiyi bəyanata etiraz olaraq atılıb.
Fransa nümayəndəsinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında ABŞ nümayəndələrinin masası boş qalıb. Bundan sonra amerikalı diplomatlar yenidən iclas zalına qayıdıblar.
ABŞ-ın BMT yanında daimi nümayəndəsinin müavini Den Neqrea sonrakı çıxışında bu addımın səbəbini belə izah edib:
"Qeyd etmək istərdim ki, Şurada elə bir üzv var ki, daim özünü haqlı kimi göstərir və istənilən mövzuda başqalarına dərs keçməyə çalışır. İstər bu gün müzakirə etdiyimiz (Ukrayna) münaqişəsi, istərsə də sülh və təhlükəsizliklə əlaqəsi olmayan insan hüquqları kimi məsələlər olsun. Məhz buna görə Fransa nümayəndəsinin çıxışı zamanı zalı tərk etdik".
Qeyd edək ki, iki dövlət arasında narazılığa səbəb Fransanın Cenevrədəki BMT yanında daimi nümayəndəliyinin "X" sosial şəbəkəsində BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türkün səlahiyyət müddətinin uzadılması ilə bağlı paylaşımı olub.
BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən səsvermədə ABŞ Rusiya ilə birlikdə Türkün daha dörd il vəzifəsində qalmasının əleyhinə çıxıb. Fransa isə ali komissarın səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib.
Səsvermədən sonra Fransa diplomatları bildiriblər ki, "ABŞ bir vaxtlar insan hüquqları məsələsində mayak rolunu oynayırdı, lakin indi bu belə deyil".
Şərhlər