Hakimiyyətin xeyrinə siyasiləşmiş qərarlar qəbul etmək formasında "əhəmiyyətli korrupsiyada iştirak etdiklərinə görə” dörd nüfuzlu gürcü hakiminin ABŞ-a girişi qadağan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında
deyilir.
Xüsusilə, ABŞ Dövlət Katibliyi vurğulayır ki, Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengelia və Valerian Tsertsvadze "xarici siyasət əməliyyatlarına aid olan cari maliyyə ilinin maliyyələşdirilməsi haqqında 7031(c) qanununa uyğun olaraq viza sanksiyalarına məruz qalırlar”.
Sadalanan hakimlər, eləcə də onların ailə üzvləri (həyat yoldaşları və uşaqları) ABŞ vizası ala bilməyəcəklər. Məhdudiyyətlər müddətsizdir.
Çinçaladze, Murusidze, Şengelia və Tsertsvadze nüfuzlu gürcü QHT-lərinin hesabatlarında hakim "Gürcü Arzusu” (GA) partiyasının xeyrinə fəaliyyət göstərən "məhkəmə klanının liderləri” kimi tez-tez yer alırlar. Bəyanata görə, Dövlət Departamenti təkcə bu hesabatları deyil, həm də "açıq mənbələrdən gələn müxtəlif məlumatları” rəhbər tutub.
ABŞ-ın sanksiyaları Gürcüstanda qalmaqala səbəb olub. Bu, ABŞ-Gürcüstan münasibətləri tarixində ilk dəfədir ki, Vaşinqton Tiflisə qarşı sanksiyalar tətbiq edir.
GA sədri İrakli Kobaxidze ABŞ dövlət katibi Entoni Blinkeni korrupsiyada ittiham edib. Kobaxidze cümə axşamı gecə hökumətyönlü "İmedi” telekanalının efirində çıxışı zamanı deyib: "İmzalamaq üçün ona bu kağız parçasını soxuşdurublar və bununla da onu çirkli korrupsiya sxeminə sürükləyiblər”.
Çərşənbə günü axşam xüsusi brifinqdə Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasının rəhbəri Levan Xabeişvili hakimiyyətin əleyhdarlarını aprelin 9-da ümummilli mitinq üçün toplaşmağa çağırıb. O, ABŞ sanksiyalarının tətbiqindən sonra ölkənin dinc inqilaba və hakimiyyət dəyişikliyinə hazırlaşmalı olduğuna eyham vurub. Xabeişvilinin sözlərinə görə, sanksiyaların əsas səbəbi müxalifət və QHT-lərin siyasi məhbus hesab etdiyi eks-prezident Mixail Saakaşvili və media meneceri Nika Qvaramiyanın həbsi olub.
Hakimlərdən biri, "məhkəmə klanının lideri” sayılan Levan Murusidze bütün korrupsiya ittihamlarını rədd edərək, babasının heç Amerikaya getmədiyini, "bununla belə, kişi kimi yaşadığını” deyib.
Nizami Bağırov