ABŞ prezidenti Co Baydenin administrasiyası BMT Təhlükəsizlik Şurasında islahatlar planı hazırlayır, bu plana Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının 6 yer artırılması daxildir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın yüksək rütbəli rəsmilərinə və BMT diplomatlarına istinadən "The Washington Post” qəzeti
yazır .
Ağ evin planına görə, BMT Təhlükəsizlik Şurasının yeni daimi üzvlərinin veto hüququ olmayacaq.
Nəşrin məlumatına görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild dünya liderlərinin payızda Nyu-Yorkda keçiriləcək illik toplantısı ərəfəsində Təhlükəsizlik Şurasının genişləndirilməsi layihəsi ilə bağlı rəy almaq üçün BMT-yə üzv 193 ölkənin diplomatları ilə məsləhətləşmələr aparır.
"The Washington Post” yazır ki, Birləşmiş Ştatlar bundan əvvəl Almaniya, Hindistan və Yaponiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri kimi daxil edilməsinin tərəfdarı olub. Bu ideyanı Braziliya və ən azı bir Afrika ölkəsinə qurumda daimi yer verməyi təklif edən Fransa və Böyük Britaniya dəstəkləyib.
Nəşr qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının islahat planı Baydenin inkişaf etməkdə olan ölkələrin artan təsirini tanımaq və Təhlükəsizlik Şurasının hazırkı üzvləri və onların Ukraynadakı müharibə də daxil olmaqla qlobal münaqişələri dayandıra bilməməsi ilə bağlı məyusluğunu azaltmaq istəyini göstərir.
Bayden artıq bəyan edib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıdır. Amerika prezidentinin fikrincə, təşkilat "daha inklüziv – müasir dünyanın tələbatlarına cavab verəcək şəkildə” olmalıdır.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası BMT-nin daimi orqanıdır və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti ona həvalə edir. Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya (1991-ci ilə qədər - SSRİ), ABŞ, Çin, Böyük Britaniya və Fransadır. Onların şuranın qərarlarına veto qoymaq hüququ var.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Volodimir Zelenski Rusiyanı Təhlükəsizlik Şurasından xaric etməyə, Avropa Şurasının rəhbəri Şarl Mişel isə Rusiya Federasiyasının üzvlüyünü dayandırmaq üçün mexanizm yaratmağa çağırıb. Ağ ev bildirib ki, təşkilatın qaydaları buna imkan vermir.
BMT Nizamnaməsi Təhlükəsizlik Şurasına üzvlüyün dayandırılması və ya ondan xaric edilməsi prosedurunu nəzərdə tutmur.
Nizami Bağırov