Ən mənfi iqtisadi ssenaridə ABŞ-ın böyük bankları ümumilikdə təxminən 541 milyard dollar itirəcəklər. Bununla belə, yerli banklar yuxarıda göstərilən itkiləri ödəmək üçün hələ də resurslara malik olacaqlar.
Qaynarinfo xəbər verir ki, "Financial Times" qəzeti bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) illik stress testinə istinadən xəbər verir.
Bu il stress testi ABŞ-ın 23 ən böyük bankı arasında aparılıb. Ən stresli ssenari ABŞ-ın daxili bazarında işsizliyin 10%-ə qədər yüksəlməsi, daşınmaz əmlak qiymətlərinin 40%, mənzil qiymətlərinin 38% azalması və qiymətlərin aşağı düşməsi də daxil olmaqla bir sıra amillərin formalaşmasını nəzərdə tutur. Məqalədə qısa müddətli faiz dərəcələrinin az qala sıfıra çatacağı ifadə edilir.
"ABŞ-ın ən böyük bankları hipotetik iqtisadi qiyamət ssenarisində 541 milyard dollar itirəcək, lakin hələ də itkiləri ödəmək üçün kifayət qədər kapitala malikdir. Yoxlanılan 23 bankdan ən çox zərər çəkən "Deutsche Bank"ın ABŞ-dakı törəmə şirkəti olub. İkinci yerdə "UBS Americas" gəlir. "Goldman Sachs”ın kapitalı ABŞ-da yerləşən banklar arasında ən çox azalıb, onun ardınca isə "Morgan Stanley" gəlir", deyə məqalədə qeyd edilir.
İyunun 24-də "The Wall Street Journal" (WSJ) öz sorğusunun nəticələrinə istinadən ABŞ iqtisadiyyatının tənəzzülə girməsi risklərinin hələ də yüksək olduğunu bildirib. Analitiklər bu ehtimalı rekord - 44% səviyyəsində qiymətləndirirlər.
Aydın