ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı sanksiyaların pozulmasının yolverilməzliyi barədə ölkə rəhbərliyinə xəbərdarlıq etməsindən sonra Türkiyədə banklar və otellər "Mir” ödəniş kartlarını qəbul etməkdən imtina etməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, "Tourdom”un məlumatına görə, ən azı üç böyük otel şəbəkəsi "Mir” vasitəsilə ödənişlərlə bağlı problemlərlə
üzləşib: "Crystal Hotels”, "Nirvana Hotel” və "Titanic”.
Otel nümayəndələri bildiriblər ki, "Mir”lə bağlı əmr yüksək rəhbərlikdən gəlib, bu da öz növbəsində Türkiyə Mərkəzi Bankının rəsmi qərarına istinad edir.
"Sanksiya təhlükəsi ilə əlaqədar olaraq, işlədiyimiz banklar bu ödəniş sistemindən imtina etdilər", deyə "Titanik” hotel şəbəkəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, "Ziraat Bankası”, "İş Bank” və "Credit Europe Bank”ın Mir kartları ilə ödənişləri dayandırıblar.
"Nirvana Hotels” nümayəndəsi İrina Kazakovanın sözlərinə görə, imtina edənlər arasında "VakıfBank” da var: "Ancaq təlimat Türkiyədəki bütün banklara aiddir".
Turistlər isə nağd pul çıxarmaq və terminallar vasitəsilə ödəməkdə yaranan çətinliklərdən də şikayətlənirlər.
Sanksiyaya məruz qalan bankların kartları ilə bağlı problemlər yaranır: "Sberbank", VTB, "Alfa-Bank", bu barədə hazırda Türkiyədə olan rusiyalılar "Turdom”a bildiriblər.
Xatırladaq ki, iyun ayında ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyəti Ankaraya səfər etmiş və onlar türk həmkarlarına Rusiyanın "çirkli” pullarını gizlətməyə cəhd etdiklərinə və ya sanksiyalar rejiminə etinasızlıq göstərdiyinə görə "ikinci dərəcəli sanksiyaların” tətbiq olunacağı barədə xəbərdarlıq etmişlər.
"Financial Times”ın yazdığına görə, avqustda Soçidə 40 saatlıq danışıqlar aparan və qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağa razı olan Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın yaxınlaşmasından ehtiyatlanan Qərb ölkələri Türkiyəyə qarşı cavab tədbirləri mümkünlüyünü nəzərdən keçirməyə başlayıb.
Türkiyə Qərb şirkətlərinin geri çəkilməsi ilə üzləşə və Qərb bankları türk tərəfdaşları ilə sövdələşmələri maliyyələşdirməkdən imtina edə bilər, bu da kəskin valyuta kəsiri, 80%-lik inflyasiya və 451 milyard dollar xarici borcla yüklənmiş kövrək Türkiyə iqtisadiyyatına zərbə vura bilər.
Avqust ayında sanksiyaların icrasına nəzarət edən ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə danışıqlar aparıb. Türkiyə Maliyyə Nazirliyinin məlumatına görə, Elitaş Adeyemonu əmin edib ki, Ankara Rusiya ilə dərin iqtisadi və siyasi əlaqələrə baxmayaraq, sanksiyaların pozulmasına yol verməyəcək.
Nizami Bağırov