Xəbər lenti

ABŞ-ın Qəzza planı nə deməkdir? - Netanyahu sənədi nazirə göstərməkdən qorxur
Dünya 15:28 05.06.2024

ABŞ-ın Qəzza planı nə deməkdir? - Netanyahu sənədi nazirə göstərməkdən qorxur

ABŞ prezidenti Co Bayden mayın 31-də Qəzza zolağında müharibəyə son qoymaq və münaqişəni həll etmək üçün yeni hərtərəfli plan təqdim edib. O vaxtdan bəri İsraildən ölkə hakimiyyətinin təklifi qəbul edib-etməməsi ilə bağlı ziddiyyətli xəbərlər gəlir. 

Qaynarinfo xəbər verir ki, "The Insider”ə müsahibə verən ekspertlərə görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın hazırladığı razılaşmanın təfərrüatlarını gizlədir, Qəzza zolağının gələcəyini müəyyən etmək üçün mötədil və radikal yanaşmalar arasında manevr edir və İsrail cəmiyyətinin mühafizəkar hissəsi tərəfindən bəyənilməyən qərarlara görə məsuliyyəti ABŞ-ın üzərinə atmağa çalışır.

Baydenin təklif etdiyi həll planı üç mərhələdən ibarətdir: altı həftəlik atəşkəs, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi, humanitar yardımın çatdırılması və danışıqlar; hərbi əməliyyatların tamamilə dayandırılması, İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması; müharibə zamanı zədələnmiş ərazilərin genişmiqyaslı yenidən qurulması. Baydenin sözlərinə görə, təklif artıq Qətər vasitəsilə HƏMAS-a ötürülüb. Bundan əlavə, prezident bu "hərtərəfli yeni təklifin” İsraildən gəldiyini vurğulayıb.

İyunun 2-də Netanyahunun xarici siyasət üzrə müşaviri Ofir Falk Britaniyanın "Sunday Times” qəzetinə müsahibəsində bildirib ki, İsrail Baydenin planını qəbul edib, lakin onun təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürlər. "Bu, çox da yaxşı bir razılaşma deyil, lakin biz girovları azad etmək istəyirik", - Falk deyib.
Lakin ertəsi gün Netanyahu parlamentin Xarici əlaqələr komitəsinin iclasında bəyanat verib və ondan belə nəticə çıxır ki, o, planın yalnız birinci mərhələsinə razıdır. "Biz oğurlananları geri qaytarmaq üçün 42 gün hərbi əməliyyatları dayandıra bilərik, - deyə baş nazir bildirib. - Mən müharibəni dayandırmağa hazır deyiləm. Razılaşmanın təfərrüatlarını burada təsvir etməyəcəyəm, lakin ABŞ prezidentinin təsvir etdikləri düzgün deyil”. Netanyahu vurğulayıb ki, İsrailin Qəzza zolağında apardığı müharibənin əsas məqsədi HƏMAS-ı məhv etmək olaraq qalır.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir planın təfərrüatlarını görə bilmədiyini deyib: "Mən saziş layihəsini görmək istədim, lakin bu, çox güman ki, nalayiq bir razılaşma olduğundan imtina etdilər”.

Keçmiş İsrail təhlükəsizlik zabiti Eyal Pinkonun The Insider-ə verdiyi məlumata görə, Netanyahu ABŞ-la danışıqlar prosesinə heç bir təsir göstərməmək üçün işin əsl vəziyyətini gizlətməyə çalışır.

"Netanyahu heç kimin nə baş verdiyini anlamadığından əmin olmağa çalışır. Onun hətta daxili təhlükəsizlik nazirinə belə sazişi göstərməkdən boyun qaçırması heç bir faktorun (nə xarici, nə də daxili) bu proseslərə təsir göstərməməsi üçün pərdə arxasında baş verənləri gizlətmək cəhdi kimi şərh edilə bilən qəribə davranışdır. Və yaxud danışıqlar hələ də davam edir və sazişlə bağlı heç bir razılıq yoxdur”.

İsrailli hərbi ekspert David Gendelmanın fikrincə, qeyri-müəyyənlik İsrailin eyni vaxtda bir-birinə zidd olan məqsədlərə nail olmağa çalışması ilə bağlıdır.
"Müharibənin əvvəlində İsrail hökuməti qarşısına rəsmi olaraq iki məqsəd qoyub: Qəzzada HƏMAS-ın devrilməsi və onun hərbi imkanlarının məhv edilməsi və girovların azad edilməsi. Reallıqda bu məqsədlər bir-biri ilə ziddiyyət təşkil edir, lakin hakimiyyət psixoloji, siyasi və sosial səbəblərdən yumruğunu masaya çırpıb: "Girovlarla bağlı heç bir danışıq – müharibə qələbəyədək davam edəcək” deyə bilmir, ona görə də manevr etməyə çalışır və eyni anda iki məqsədə doğru getmək istəyir. Ona görə də əvvəldən döyüş əməliyyatları ilə paralel olaraq danışıqlar davam edir - noyabrda girovların qismən azad edilməsi ilə müvəqqəti atəşkəs əldə olundu, sonra döyüşlər yenidən başladı.

Girovlarla bağlı yeni razılaşma əldə etmək hələ mümkün olmayıb, çünki HƏMAS indi müvəqqəti deyil, daimi atəşkəs şərti irəli sürür. Baydenin təklif etdiyi plan da eyni şeyi təklif edir. Əslində İsrail üçün bu, məqsədinə çatmadan müharibənin başa çatması, yəni müharibəni uduzması demək olacaq. Bu məsələdə İsrail cəmiyyəti və hökuməti ikiyə bölünüb: bəziləri hətta müharibəni uduzmaq bahasına olsa belə, girovlar üçün sövdələşmə tələb edir, bəziləri isə hətta girovların qaytarılması müqabilində bununla razılaşmır.

Fikrimcə, Qəzza zolağında idarəetmənin yeganə real variantı ya HƏMAS hakimiyyəti, ya da İsrailin işğalı və hərbi idarəçiliyi olaraq qalır. İsrail hökuməti üzvlərinin əksəriyyəti işğalı istəmədiyindən və ABŞ-ın da buna etiraz etdiyi üçün alternativlər ortaya atmağa cəhdlər edilir: yerli özünüidarəetmə, Fələstin Administrasiyasının geri qaytarılması, müxtəlif beynəlxalq qüvvələr və s. - amma bütün bunlar hələ də nəzəriyyədir. Hakimiyyət real, lakin arzuolunmaz və arzuolunan, lakin mümkün olmayan variantlar arasında manevr edir. Netanyahu tezliklə ABŞ Konqresində çıxış etməlidir, ona görə də o, hələlik sərt bəyanatlar verməkdən çəkinir”.

Amerikalı politoloq Yan Veselov "The Insider”ə deyib ki, Netanyahu "müharibə kabinetindən” mötədil siyasətçilər və radikal millətçilərin tələbləri arasında manevr edir, hakimiyyəti saxlamağa çalışır və ABŞ-la münasibətləri gərginləşdirməyə qadirdir.

"Baydenin planı açıq-aydın HƏMAS ilə danışıqları ehtiva edir, əks halda digər münaqişə tərəfinin kim olduğu bəlli deyil. Bundan əlavə, qısamüddətli atəşkəsə səbəb olan əvvəlki danışıqlar HƏMAS-ın iştirakı ilə baş tutub. ABŞ, Misir və Qətər vasitəçi olacaq. Mənə elə gəlir ki, Netanyahu bu üç mərhələli həll yolunun onun əllərini çox bağlamasından narazıdır.

İndiyə qədər Netanyahunun planı, Qəzza zolağından qoşunların çıxarılması və bura nəzarətin beynəlxalq qurumlara və ya Fələstin tərəfinə təhvil verilməsini nəzərdə tutan Benni Qants və Yoav Galant tərəfindən təmsil olunan "müharibə kabinetinin” daha mülayim yanaşması və Qəzzanın işğalının davam etdirilməsini, onun ilhaqını və fələstinlilərin deportasiyasını tələb edən Bezalel Smotriç və İtamar Ben-Qvir kimi hökumətdəki radikal millətçilər arasında manevr etməkdir. Netanyahunun hakimiyyəti saxlaya bilib-bilməyəcəyi bundan asılıdır.

Biz dəfələrlə görmüşük ki, Netanyahu ABŞ-la eskalasiyaya hazırdır. Bayden insan haqlarının pozulmasını əsas gətirərək, birbaşa tədarük və silah satışını dayandırmaqla və sanksiyalar rejimini genişləndirməklə (İordan çayının qərb sahilində qanunsuz məskunlaşanlara qarşı artıq qüvvədə olan sanksiyalara əlavə olaraq) İsrailə təzyiq göstərə bilər. Lakin Baydenin bu cür hərəkətlərə hazır olub-olmadığı hələ aydın deyil”.

Amerikalı politoloq Aleksandra Filippenko hesab edir ki, İsrail hakimiyyəti İsrail cəmiyyətinin mühafizəkar hissəsi arasında qeyri-populyar olduqlarına görə özlərini səsləndirmək istəmədikləri təklifləri ABŞ-dan irəli sürməyi xahiş ediblər.

"HƏMAS ilə danışıqlar ideyası Baydenin planına İsrail tərəfinin təqdim etdiyi təkliflərdən yaranıb. Görünür, təsadüfi deyil ki, bunu İsrailin əsas müttəfiqi olan ABŞ prezidenti cümə axşamı, İsrail hökumətinin sağ qanadının rəsmiləri Şabat yaxınlaşdıqca heç nəyi şərh etməməyə çalışarkən bəyan edib. Bayden çıxışında birbaşa İsrail xalqına müraciət edib və onları bu üç mərhələli plana qulaq asmağa çağırıb. Belə görünür ki, İsrail hakimiyyəti ABŞ-dan hökumətlə İsrail xalqı arasında vasitəçi kimi çıxış etməyi xahiş edib.

HƏMAS-ın tamamilə məhv edilməsi hələ uzun çəkə bilər və oktyabrın 7-dən Qəzza zolağında yeraltı tunellərdə saxlanılan girovlar üçün hər gecikən gün ölümə bərabərdir. Bu səbəbdən girovların geri qaytarılması ilə bağlı üç mərhələli plan lazımdır. İnsanların həyatını qaytarmaq mümkün deyil, lakin HƏMAS zamanla məhv edilə bilər - Bayden bu mövqedən çıxış edir. ABŞ prezidenti və onun administrasiyası hesab edir ki, İsrail ordusu faktiki olaraq HƏMAS-ın rəhbərliyini məhv edib və onların son məhvi üçün əlavə iş görülməlidir. Amma əsas məsələ girovların qaytarılmasıdır.

Oktyabrın 7-dən əvvəl də İsrail bir çox siyasi məsələlərdə parçalanmışdı. Baydenin çıxışından sonra on minlərlə israilli təklif olunan planı dəstəkləyərək, İsrail əsgərlərinin hər gün öldüyü üçün tezliklə atəşkəs tələbi ilə çıxış edib. Lakin İsrail cəmiyyətinin başqa bir hissəsi müharibənin davam etdirilməsinin tərəfdarıdır və onları da diqqətsiz saxlamaq olmaz”.

Vaşinqtondakı "Atlantic Council” institutunun baş elmi işçisi Kseniya Svetlova "The Insider”ə bildirib ki, Netanyahu müharibəni dərhal dayandırmaq istəmir, çünki bu, koalisiya hökumətinin dağılmasına gətirib çıxaracaq və hakimiyyətin itirilməsi onun şəxsi azadlığını təhdid edir. Çünki o, hələ də cinayət işi üzrə istintaq altındadır.

"Bir tərəfdən Netanyahu başa düşür ki, razılaşma və kompromis lazımdır. Digər tərəfdən, Netanyahu bu razılaşmanın şərtlərini qəbul edən kimi koalisiya tərəfdaşlarını itirəcək: koalisiyanın ifrat sağ cinahı dərhal hökuməti tərk edəcək və bununla da onun siyasi karyerası başa çatacaq. Məlum olur ki, planı onun hərbi kabineti hazırlayıb, eyni zamanda özü də bununla razılaşmadığını deyir.

Netanyahu bundan sonra nə edəcəyini bilmir. Oktyabrın 7-dən əvvəl onun mövqeyi belə idi: Qəzzada HƏMAS ilə status-kvonu saxlamaq, İordan çayının qərb sahilində Mahmud Abbasın rəhbərliyi altında Fələstin Muxtariyyəti. İndi hansısa başqa plana ehtiyac var və o, düşmən olmayan Fələstin administrasiyasının yaradılmasını, yəni faktiki olaraq müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur. Netanyahu, bir sağçı siyasətçi kimi, həmişə "bir qarış torpaqdan əl çəkməyəcəyik və heç bir Fələstin dövlətinə dözməyəcəyik” deyirdi. O, bununla razılaşa bilməz, çünki söhbət onun indiki hakimiyyətinin mövcudluğundan, nüfuzundan, gələcək siyasi karyerasından gedir.

Bundan əlavə, o, bir neçə ittihamla istintaqa cəlb olunur və toxunulmazlığını itirməkdən qorxur. Ona görə də hökuməti və koalisiyanın qorunub saxlanması onun maraqlarına uyğundur. Netanyahu hansısa yolla, Qəzzanı işğal etmədən, həm də orada müstəqil muxtariyyət yaradılmasına imkan vermədən status-kvonu möhkəmləndirmək istərdi. Bayden silah satışını kəsməklə hədələyib, lakin o, çətin ki, amerikalı yəhudilərin səslərini itirmək qorxusundan prezident seçkiləri ərəfəsində buna getsin”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->