Dünya 14:53 26.05.2023

ABŞ-ın təyyarədaşıyan gəmisi 65 ildən sonra ilk dəfə Norveçə gəldi (VİDEO)

Son 65 ildə ilk dəfə Osloya gələn ABŞ-ın "Gerald Ford” təyyarədaşıyan gəmisi Norveç sularına daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "agents.media” ABŞ Hərbi Dəniz Qüvvələrinin saytına istinadən yazır.

Norveçin müdafiə naziri Byorn Qram bildirib ki, aviadaşıyıcının gəlişi "NATO-nun bizə verdiyi təhlükəsizlik zəmanətlərini, o cümlədən ABŞ ilə əməkdaşlıq yolu ilə açıq şəkildə ifadə edir”.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer tvitter hesabında yazıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi olmasaydı, ABŞ təyyarədaşıyan gəmisi Norveçə daxil olmazdı.

Rusiyanın Norveçdəki səfirliyi bu hərəkəti pisləyib. "Oslo Rusiyanın Norveçə birbaşa hərbi təhlükə törətmədiyini qəbul etsə də, bu cür güc nümayişi məntiqsiz və zərərli görünür", - səfirlik Facebook-da yazıb.

Qeyd edək ki, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi "Admiral Kuznetsov” 2017-ci ildən Murmanskda, Norveçlə sərhədə yaxın ərazidə təmir olunur.

Nizami Bağırov