Ukrayna 3 milyard dollarlıq hərbi yardım paketi çərçivəsində ABŞ-dan bir sıra silahlar, xüsusilə, hava hücumundan müdafiə sistemləri və yeni kəşfiyyat PUA-ları alacaq.
Bu barədə Qaynarinfo Pentaqonun mətbuat xidmətinə istinadən xəbər
verir.
ABŞ-dan Ukraynaya ən böyük yeni hərbi yardım paketinə aşağıdakılar daxildir:
•6 ədəd NASAMS hava hücumundan müdafiə sistemi əlavə döyüş sursatı ilə;
•155 mm-lik artilleriya üçün 245.000-ə qədər mərmi;
•122 mm-lik minaatanlar üçün 65.000-ə qədər mərmi;
•24-ə qədər artilleriya əleyhinə radar;
•"Puma” kəşfiyyat PUA-ları və "Scan Eagle” PUA-lar üçün köməkçi avadanlıq;
•VAMPIRE dron əleyhinə sistemlər;
•lazer yönləndirməli raket sistemləri;
•təlim, texniki xidmət və dəstək üçün maliyyə.
"Ukraynanın Müstəqillik günündə elan edilmiş bu hərbi yardım paketi ABŞ-ın Ukraynaya uzunmüddətli dəstəyinə sadiqliyini vurğulayır və Rusiyanın təcavüzü qarşısında öz suverenliyini müdafiə etməyə davam edən Ukrayna Silahlı Qüvvələrinin dayanıqlığının gücləndirilməsinə çoxillik sərmayəni özündə ehtiva edir", - Pentaqon bildirib.
Hərbi qurum həmçinin qeyd edib ki, 2021-ci ilin yanvarından ABŞ müdafiə yardımı çərçivəsində Ukraynaya 13,5 milyard dollardan çox vəsait ayırıb.
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl brifinq zamanı verdiyi açıqlamaya görə, ABŞ yaxın bir neçə ay ərzində Ukraynaya yeni hərbi yardım paketinə daxil olan silahların tədarükünə başlamağı
planlaşdırır.
"Tədarükü yaxın bir neçə ayda başlayacaq və növbəti illərdə də davam edəcək”, - Kahl deyib.
Onun sözlərinə görə, Ukraynaya yeni yardım paketinə daxil olan bəzi silahlar davam edən müharibənin hazırki dönəmində istifadə üçün nəzərdə tutulmayıb, lakin onlar "gələcəkdə qüdrətli Ukrayna qüvvələrinin onurğa sütununu təşkil edə bilər”.
Kahl əlavə edib ki, ABŞ yeni hərbi yardım paketi çərçivəsində Ukrayna ordusuna VAMPIRE dron əleyhinə sistemlərini təhvil verəcək. Onlar dronları məhv etmək üçün raketlərlə təchiz olunub.
"VAMPIRE səmada olarkən pilotsuz uçuş aparatlarını vurmaq üçün kiçik raketlərdən istifadə edən "kinetik" sistemdir", - deyə Kahl bildirib.
Pentaqon rəsmisi Vaşinqtonun Kiyevin üç ildən sonra NATO silah sisteminə tam inteqrasiya olunacağına və sovet tipli silahlara ehtiyac duymayacağına inanıb-inanmadığına cavab verib.
Onun sözlərinə görə, ABŞ Ukraynanın növbəti bir neçə il ərzində tədricən Şimali Atlantika Alyansının silahlarına keçəcəyini gözləyir.
"Mümkündür ki, illər keçsə də, onlar hələ də özlərinin istehsal etdikləri sistemlərdən və sursatlardan istifadə etsinlər. Bununla belə, onu deyim ki, gözləntilərimə görə, burada bəhs etdiyimiz zaman çərçivəsində Ukrayna tədricən Alyansın standartlarına keçəcək", - Pentaqonun sözçüsü bildirib.
Kahl qeyd edib ki, son aylarda 50-dən çox ölkə Ukraynaya hərbi yardım edib.
"İdealda, Ukrayna ordusunun gələcəyi onlarla müxtəlif sistemlərə deyil, saxlanması və xidmət göstərilməsi rahat olan daha az sistemlərə əsaslanacaq”, - ABŞ Müdafiə Nazirliyinin rəis müavini yekunlaşdırıb.
Nizami Bağırov