Ağ Ev bu günlərdə ABŞ səmasında vurulan naməlum uçan obyektlərin yadplanetlilərə məxsus olması versiyasını təkzib edib.
Qaynarinfo "Reuters" verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi brifinqdə
bildirib.
"Fikrimcə, amerikalıların bu obyektlərin yadplanetlilərə məxsus olması barədə narahatlığına əsas yoxdur", deyə Con Kirbi bildirib.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer də yadplanetlilərlə bağlı iddiaları təkzib edib: "Bununla bağlı suallar və narahatlıqlar var idi. Bir daha demək istəyirəm ki, vurulan obyektlərdə yadplanetlilərin və ya yerdən kənar hər hansı bir fəaliyyət əlamətləri yoxdur".
Qeyd edək ki, ABŞ ordusu Kanada ilə sərhəddə yerləşən Huron gölü üzərində daha bir uçan obyekti vurub. Bu barədə konqresmen Cek Berqman sosial şəbəkədə məlumat verib.
"ABŞ ordusu Huron gölü üzərində daha bir "obyekt”i məhv edib. Qırıcı pilotların qətiyyətli hərəkətlərini təqdir edirəm”, deyə kpnqresmen bildirib.
Ötən gün ABC telekanalı Viskonsin ştatında Miçiqan gölü üzərində hava məkanının bir hissəsinin "Pentaqonun fəaliyyəti üçün” bağlanması barədə məlumat vermişdi. Daha sonra Reuters Kanadanın Ontario bölgələrindən birində hava məkanının bağlanması barədə məlumat yayıb.
Huron gölü Miçiqan gölünə boğazla bağlanan "Şimali Amerika Böyük Gölləri"ndən biridir. Göllər ABŞ və Kanadanın sərhədində yerləşir. Ən yaxın böyük şəhərlər Detroit (ABŞ) və Ottavadır (Kanada).
Daha sonra "Reuters" agentliyi ABŞ prezident administrasiyasının nümayəndəsinə istinadən xəbər verib ki, obyektin vurulması əmrini ABŞ prezidenti Co Bayden verib.
Aydın