Xəbər lenti

ABŞ-ın yardımı olmadan Ukrayna müharibəni nə qədər davam etdirə bilər?
Dünya 12:15 25.02.2025

ABŞ-ın yardımı olmadan Ukrayna müharibəni nə qədər davam etdirə bilər?

ABŞ-ın hərbi yardımı olmadan Ukraynanın indiki templə müharibəni yay aylarına qədər davam etdirmək üçün kifayət qədər silahı var.

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal-a danışan hazırkı və keçmiş Qərb rəsmiləri bildirib.

Yay aylarına qədər Kiyev sursat çatışmazlığı və bəzi ən müasir silah növlərindən istifadə edə bilməmək problemi ilə üzləşə bilər.

Pentaqonun keçmiş yüksəkvəzifəli rəsmisi Selesta Vollanderin sözlərinə görə, Co Bayden administrasiyasının son aylarında göndərdiyi və ya müqaviləyə bağladığı iri silah tədarükləri ukraynalılara ən azı ilin ortalarına qədər indiki templə döyüşməyə imkan verməlidir. Bəzi ukraynalı analitiklər isə ölkənin daha uzun müddət tab gətirə biləcəyini deyirlər.

Avropa bu çatışmazlığı aradan qaldırmağa hazırlaşır. Avropa İttifaqı, Böyük Britaniya və Norveç 2024-cü ildə Ukraynaya birgə şəkildə təxminən 25 milyard dollar həcmində hərbi yardım göstərib – bu, həmin il ABŞ-ın ayırdığı vəsaitdən daha çoxdur. Avropa qitəsi artilleriya sursatlarının istehsalını əhəmiyyətli dərəcədə artırıb və bu il Aİ-nin yardımını 30 milyard dollara qədər yüksəltmək məsələsi müzakirə olunur.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiya 2022-ci ildə genişmiqyaslı işğala başladıqdan bəri ABŞ Ukraynaya təxminən 70 milyard dollar həcmində hərbi yardım göstərib. Kils Dünya İqtisadiyyatı İnstitutunun məlumatına əsasən, bu, Ukraynanın bütün digər Qərb müttəfiqlərinin birlikdə ayırdığı vəsaitdən daha çoxdur.

Lakin Ukrayna eyni zamanda illik 30 milyard dollar dəyərində silah istehsal edən güclü hərbi sənaye qurub ki, bu da əvvəlki ilə nisbətən altı dəfə çoxdur.

Ümumilikdə, Ukrayna hazırda hərbi texnikasının təxminən 55%-ni özü istehsal edir və ya maliyyələşdirir. Qərb rəsmilərindən birinin sözlərinə görə, ABŞ bu təminatın təxminən 20%-ni, Avropa isə 25%-ni təşkil edir.

Lakin bəzi Amerika tədarüklərinin – müasir hava hücumundan müdafiə sistemlərinin, "yer-yer" tipli ballistik raketlərin, naviqasiya sistemlərinin və uzaqmənzilli raket-artilleriya qurğularının – yaxın perspektivdə əvəzlənməsi faktiki olaraq mümkün deyil. Avropa ya kifayət qədər istehsal etmir, ya da bəzi hallarda ümumiyyətlə bu silahları istehsal etmir.

ABŞ-dan gələn bu silah tədarükü dayandıqdan sonra Ukraynanın uzaqmənzilli zərbələr endirmək və arxa mövqelərini qorumaq qabiliyyəti zəifləyəcək, – rəsmilər və analitiklər bildirirlər.

"Ən keyfiyyətli hərbi texnologiyanı təmin edən tərəfdaşa sahib olmaq müəyyən sahələrdə əvəzedilməzdir", – deyə Çexiya hökumətinin Ukraynanın bərpası üzrə xüsusi nümayəndəsi Tomaş Kopeçnı bildirib.

Keçmiş prezident Co Bayden vəzifədən getməzdən əvvəl Ukraynanın mümkün qədər uzun müddət müharibəni davam etdirə bilməsi üçün addımlar atmağa çalışıb. Onun administrasiyası mövcud Amerika ehtiyatlarından silah göndərib və ABŞ-ın müdafiə sənayesi ilə sursat, hava hücumundan müdafiə sistemləri, hərbi nəqliyyat vasitələri və digər materialların alınması üçün müqavilələr imzalayıb. Bu tədarüklərin 2026-cı ilə qədər davam edəcəyi bildirilir.

"Bu, yeni administrasiyanın strategiyasını nəzərə alaraq aparılan dəstək idi: Güc mövqeyindən danışıqlar aparmaq və Putinə göstərmək ki, ukraynalılar döyüşməyə davam edə bilərlər", – deyə Bayden administrasiyasında müdafiə nazirinin köməkçisi vəzifəsində işləmiş Vollander bildirib.

İndi isə Donald Tramp bu yanaşmanı dəyişdirərək, sosial şəbəkələrdə Zelenskini hədəfə alıb. O, Ukrayna prezidentini müharibəyə səbəb olmaqda günahlandırıb və onu diktator adlandırıb. Hər iki iddia Kremlin Ukrayna lideri və müharibə ilə bağlı tezisləri ilə üst-üstə düşür.

Trampın bu açıqlamalarından sonra Nümayəndələr Palatasının spikeri Mayk Conson da Konqresdə Ukraynaya növbəti yardım paketi ilə bağlı "heç bir istək olmadığını" bəyan edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->