İran gələcəkdə Ukraynaya qarşı hərbi cinayətlərdə iştiraka görə məsuliyyət daşıya bilər, çünki o, Rusiya ordusunu mülki infrastruktura zərbələr endirmək üçün pilotsuz uçuş aparatları ilə təmin edir.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib https://www.youtube.com/watch?v=8JVLrMx2CYE .
"Əgər biz İran hökumətinin və ya İran rəsmilərinin hərbi cinayətlərdə şərik olduğunu və ya əli olduğunu aşkar etsək, onların ədalət qarşısında cavab verməsi üçün çalışacağıq”, – Prays bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya ordusunun Ukraynadakı müəyyən hərəkətlərini hərbi cinayətlər kimi müəyyən edib və onların törədilməsinə dair sübutları sənədləşdirməyə davam edəcək.
"Və əgər bu sübut başqa ölkənin, başqa bir beynəlxalq aktorun hərbi cinayətlərdə əli olduğunu göstərirsə, biz onun məsuliyyətə cəlb olunması üçün çalışacağıq”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.
Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü müharibə cinayətlərinə yardım kimi qiymətləndirilə bilər.
Bundan əlavə, ABŞ PUA-ların hazırlanması və istehsalına cavabdeh olan 6 İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, bu PUA-lar rusiyalılar tərəfindən Ukraynanın infrastrukturuna hücum etmək üçün istifadə olunur.
Ağ Ev həmçinin bildirib ki, ABŞ sanksiyalar və ixrac nəzarəti vasitəsilə İran pilotsuz uçuş aparatlarının istehsalına təsir etmək yollarını axtarır.