ABŞ ordusu İraqın Ərbil şəhərindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz uçuş aparatından istifadə edərək hücuma cavab olaraq İraqdakı "Hizbullah” qruplaşmasının obyektlərinə zərbələr endirib.
Qaynarinfo bu barədə "Reuters"ə
istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ hərbi bazasına hücum nəticəsində 3 hərbçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Erik Kurilla bildirib ki, zərbələr İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlarda bilavasitə iştirak edən elementləri məsuliyyətə cəlb etmək, həmçinin onların növbəti hücumlar həyata keçirmək imkanlarını azaltmaq məqsədi daşıyır. "Reuters”in məlumatına görə, ABŞ ordusu "Kətaib Hizbullah”a məxsus bir neçə obyekti məhv etməyə nail olub.
Pentaqon yaralanan hərbçilərin kimliyini və onların xəsarətlərinin xarakteri ilə bağlı təfərrüatları açıqlamayıb. ABŞ müdafiə naziri Lloyd Ostin yaralı amerikalı hərbçilərə dəstəyini ifadə edərək, onların tezliklə sağalması üçün dua etdiyini bildirib.
Nizami Bağırov