Xəbər lenti

ABŞ İrəvanın təhlükəsizliyinə təminat verəcəkmi? (ŞƏRH)
Dünya 18:32 24.05.2024

ABŞ İrəvanın təhlükəsizliyinə təminat verəcəkmi? (ŞƏRH)

"İrəvan çalışır ki, ABŞ onun təhlükəsizliyinə təminat versin".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqtonun İrəvana dəstəklə bağlı hansı addımlar ata biləcəyini müəyyənləşdirmək üçün Ermənistanın bir sıra müraciətlərini araşdırdıqları barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Həmsöhbətimiz düşünür ki, ABŞ-ın belə bir mövqeyi İrəvanın son zamanlar Moskvaya doğru meyllənməsindən narahatlıq keçirməsinin nəticəsidir:

"ABŞ dövlət katibi Entoni Blinkeni Ermənistana yeni yardım paketi üzərində işlədiklərini bildirməsi siyasətçilər arasında müəyyən suallar yaradıb.  Blinken və Avropa İttifaqının rəhbərliyinə daxil olan siyasətçilər aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanla görüş keçirdilər və Ermənistana yardım paketini elan etdilər. Üstündən bir aydan bir qədər  çox vaxt keçəndən sonra ABŞ yenidən bu məsələyə qayıdır və Ermənistana yeni yardım paketi ayırmaq fikrində olduğunu bildirir. ABŞ əvvəl ayırdığı yardımların Ermənistana gəlib çatmadığı şəraitdə  yenidən bu məsələyə qayıtmaqla nə demək istəyir? Qarşıya çıxan odur ki, Ermənistanın son günlər Rusiyaya tərəf meyllənməsi ABŞ-da müəyyən narahatlıq yaradıb və İrəvanda bunu Qərbdən ayrılan vəsaitin azlığı ilə əlaqələndirirlər. Hesab edirəm ki, Paşinyan hər iki tərəf arasında manevr etməklə faydalanmağa çalışır və çox keçməyəcək onun apardığı oyunların üstü açılacaq". 
 


Əlimusa İbrahimovun fikrincə, Ermənistanın ABŞ-a yönəlik müraciətlərində böyük ehtimalla öndə təhlükəsizlik məsələsi dayanır: 

"İrəvan çalışır ki, ABŞ-ın onun təhlükəsizliyinə təminat versin. Onun da əsasında silah tədarükü əsas yer tutur. İrəvanın digər müraciəti isə iqtisadiyyat və büdcəsini kəsirdən qurtarmaqla bağlı ola bilər".

Ekspertə görə, Vaşinqton silah satışı məsələsində İrəvana müsbət cavab verməyəcək:

"Ona görə ki, Ermənistana silah satışı regionda vəziyyətin əndazədən çıxmasına, balansın pozulmasına, bölgədə silah yarışına səbəb ola bilər. Bu mənada, Ağ Evin İrəvanın silah satışı ilə bağlı müraciətinə müsbət cavab verəcəyini düşünmürəm". 

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı Vaşinqtonun İrəvana dəstəyi artırmaq üçün hansı addımlar ata biləcəyini müəyyənləşdirməkdən ötrü Ermənistanın bir sıra müraciətlərini araşdırdığını bildirib: "Ermənistanla dəstəyimizi və əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etməkdən ötrü Ermənistandan gələn bir sıra müraciətləri araşdırırıq”. 

Lakin dövlət katibi Ermənistanın müraciətinin konkret nələri əhatə etdiyini açıqlamayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->