Cümə axşamı ABŞ İsraillə birgə hazırlanmış Arrow-3 raketdən müdafiə sistemini Almaniyaya ixrac etmək istəyini təsdiqləyib. Bu, İsrail tarixində müdafiə sahəsində ən böyük saziş olacaq.
Bu barədə Qaynarinfo "The Times of Israel” nəşrinə istinadən xəbər
verir.
İsrail Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti sistemin satışı ilə bağlı müraciətin təsdiqlənməsi barədə nazirliyin rəhbəri Yoav Qallantı və digər yüksək rütbəli məmurları məlumatlandırıb.
Arrow-3 hazırda Yer atmosferindən kənarda ballistik raketləri ələ keçirmək üçün nəzərdə tutulmuş İsrailin ən qabaqcıl uzaqmənzilli raketdən müdafiə sistemidir.
İsrail Müdafiə Nazirliyi bildirib ki, İsrail və Almaniya nümayəndələri qarşıdakı həftələrdə öhdəlik məktubu imzalayacaqlar, bundan sonra Berlin tam müqavilə imzalamadan əvvəl istehsalın qurulması və məhsulların buraxılması üçün təxminən 600 milyon dollar ilkin ödəniş edəcək.
Müqavilənin ümumi dəyəri 3,5 milyard dollar təşkil edəcək. İsrail gözləyir ki, müqavilə, hər iki ölkənin parlamentlərinin təsdiqindən sonra 2023-cü ilin sonuna qədər imzalanacaq.
Almaniya Arrow-3 sisteminin 2025-ci ilin son rübündə təhvil verilməsini gözləyir.
Xatırladaq ki, ötən ilin payızında Almaniya Avropada hava hücumundan müdafiəni gücləndirmək və bu sahədə səyləri daha yaxşı cəmləşdirmək məqsədi daşıyan "Səmavi qalxan” təşəbbüsünü irəli sürüb.
Artıq 19 Avropa dövləti bu təşəbbüsdə iştirak edir, o cümlədən neytral Avstriya və İsveçrə.
Nizami Bağırov