Dünya 19:02 21.07.2022

ABŞ kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini açıqladı

Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı itkilərinin bu günə qədər 15 minə yaxın olduğunu təxmin edir (söhbət öldürülən hərbçilərdən gedir). ABŞ-a görə yaralıların sayı təxminən 45.000 hərbçidir. 

Qaynarinfo "Reuters”ə istinadla məlumat verir ki, bu rəqəmləri Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börns səsləndirib.
 
"ABŞ kəşfiyyatının son hesablamalarına görə, 15 minə yaxın rus əsgəri ölüb və ola bilsin ki, bundan üç dəfə çoxu yaralanıb. Beləliklə, itkilər kifayət qədər yüksəkdir", - Börns Aspen təhlükəsizlik forumunda deyib.

O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri də xeyli itki verir, lakin ruslardan daha az sayda.

Rusiya nadir hallarda rəsmi itki rəqəmlərini yeniləyir. Sonuncu dəfə itkilər rəsmi olaraq martın 25-də verilib: o zaman söhbət təxminən 1351 rus əsgərinin öldürülməsindən gedib. Ukrayna hakimiyyətinin məlumatına görə, müharibə zamanı Ukrayna ordusu ən böyük itkiləri may ayında verib. Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, həmin vaxt gündə 100 əsgər ölüb, 300-400-ə qədər yaralı olub.  
 
Nizami Bağırov