Dünya 12:25 20.12.2022

ABŞ Konqresindən tövsiyə: Trampa cinayət işi açın!

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi Ədliyyə Nazirliyinə 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı keçmiş prezident Donald Trampa qarşı cinayət işi açmağı tövsiyə edib. 

Qaynarinfo xəbər verir ki, xüsusi komitənin iclasının videoyazısını C-SPAN telekanalı yayımlayıb.

İstintaqı aparan komissiyanın hesabatında deyilir ki, Tramp seçkilərin nəticələrini ləğv etməyə yönəlmiş sui-qəsdin iştirakçısı olub. Komissiyaya Demokratlar Partiyasından 7, 2 Respublikaçılar Partitasından 2 nümayəndə daxildir.

Komitə Ədliyyə Nazirliyinə tövsiyyə edib ki, eks-prezidentə qarşı dörd cinayət əməli ilə bağlı ittiham irəli sürülsin. Onların arasında cinayət törətmək və ya ABŞ-a zərər vermək üçün sui-qəsd, Konqresin işinə mane olmaq, böhtan atmaq və üsyana təhrik etmək var.

AP qeyd edir ki, komitənin tövsiyəsi simvolik xarakter daşıyır və cinayət işinin başlanması ilə bağlı yekun qərarı Ədliyyə Nazirliyi verəcək.

Tramp tərəfdarları 6 yanvar 2021-ci ildə Kapitolinin binasına basqın ediblər. Hadisələr biri polis olmaqla 5 nəfərin ölümünə səbəb olub, yüzlərlə vətəndaşa qarşı cinayət işi açılıb. ABŞ prezidenti Co Bayden hücum cəhdini silahlı üsyan adlandırıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının araşdırma aparmaq üçün yaradılmış xüsusi komitəsi hesab edir ki, Tramp hücum üçün toplaşan kütləni dayandıra bilərdi, lakin bunu etməyib.

Bir sıra qalmaqallara baxmayaraq, Ağ Evin keçmiş rəhbəri 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Hazırkı prezident Co Bayden hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Eyni zamanda, son ictimai rəy sorğularına əsasən, orta hesabla hər on amerikalıdan altısı nə Co Baydenin, nə də Donald Trampın 2024-cü il prezident seçkilərində iştirakını istəmir.

Nizami Bağırov