ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini istefaya göndərib. Onun istefası proseduru ABŞ-da "şatdaun”un qarşısını almaq naminə Ağ Evlə razılaşmalara görə başlanıb.
Bu barədə Qaynarinfo ABŞ Konqresinin Nümayəndələr Palatasının səsverməsinin nəticələrinə istinadən xəbər verir.
216 konqresmen Makkartinin istefasının lehinə, 210 nəfər əleyhinə səs verib. ABŞ tarixində ilk dəfədir ki, Nümayəndələr Palatasının sədri vaxtından əvvəl vəzifədən kənarlaşdırılır.
Qeyd edək ki, səsvermədə iştirak edən demokratlar tam tərkibdə Makkartinin istefasına səs verib, baxmayaraq ki, səsvermə ərəfəsində ABŞ mətbuatında demokratların Makkartinin qarşısına müəyyən şərtlər irəli sürməklə, o cümlədən Ukraynaya yardım göstərilməsinə dəstək almaqla istefadan xilas etməyə çalışıb-çalışmayacağı barədə çoxlu söhbətlər gedirdi.
Nümayəndələr Palatasının sədrinin istefaya göndərilməsi təklifi onun respublikaçı həmkarı Mett Qets tərəfindən irəli sürülüb. Belə ki, spiker noyabrın 17-dək ABŞ hökumətini maliyyələşdirməsinə dair qanun layihəsini dəstəkləyib və bununla da "şatdaun”un qarşısı alınıb.
Səsvermədən əvvəl bir qrup konqresmen Qetsin Makkartini vəzifədən uzaqlaşdırmaq prosesini təxirə salmağa və ya əngəlləməyə cəhdi edib, lakin uğursuzluğa düçar olub. Kevin Makkartinin istefaya göndərilməsi prosedurunun başlamasının lehinə 218 konqresmen səs verib. Bu da Makkartinin vəzifədən uzaqlaşdırılmasına dair səsvermə üçün yol açıb, lakin Konqresin üzvləri ilk olaraq bir saatlıq müzakirələr aparmalı olublar.
Kevin Makkartinin istefasından sonra Şimali Karolinadan olan Patrik MakHenry 11 sentyabr hücumlarından sonra qəbul edilən və spiker vəzifəsi boş qaldığı təqdirdə tətbiq edilən qanuna əsasən Nümayəndələr Palatasının müvəqqəti spikeri təyin edilib.
Nümayəndələr Palatasının qaydaları üzrə əksər ekspertlər əmindirlər ki, onun səlahiyyətləri çox məhdud olacaq: o, yalnız yeni spiker seçmək üçün iclasa rəhbərlik edə biləcək.
Yeni spiker axtarışı çox çətin olacaq, çünki Demokratlar Partiyası Nümayəndələr Palatasında çoxluğa malik deyil və buna görə də spiker kürsüsünə iddialı ola bilməz.
Əvəzində bir qrup trampçı respublikaçı öz partiyasından istənilən spikerin seçilməsinə mane ola bilər. Yanvar ayında Makkarti trampçıların müqaviməti səbəbindən yalnız 15-ci cəhddə spiker seçilib.