Dünya 12:00 02.03.2023

ABŞ müttəfiqlərini Çinə qarşı sanksiyalar tətbiq etməyə çağırır - KİV

ABŞ yaxın müttəfiqləri ilə Pekinin Ukraynada genişmiqyaslı müharibə aparmaq üçün Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə Çinə qarşı yeni sanksiyaların tətbiqi imkanını müzakirə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi 4 amerikalı məmur və mənbələrə istinadən yazır.

ABŞ-ın hələ ilkin mərhələdə müttəfiqlərlə məsləhətləşmələri hər hansı mümkün məhdudiyyətlərə dəstəyi koordinasiya etmək üçün bir sıra ölkələrin, xüsusən də G7-də olan ölkələrin dəstəyini cəlb etməyə yönəlib.

Reuters mənbələri bildiriblər ki, ABŞ rəsmiləri bir il əvvəl Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra ona qarşı tətbiq edilən sanksiyaları ən çox dəstəkləyən əsas ölkələr qrupu ilə Çinə qarşı potensial fəaliyyət üçün zəmin yaradır.

ABŞ-ın hansı sanksiyaları təklif edəcəyi hələlik bəlli deyil. Reuters mənbələri bildiriblər ki, Vaşinqtonun addımları hələlik Pekinə qarşı hər hansı konkret məhdudlaşdırıcı tədbirlərlə bağlı daha geniş razılaşmaya gətirib çıxarmayıb.

Reuters xatırladır ki, G7 liderlərinin fevralın 24-də - Rusiya Federasiyasının genişmiqyaslı müharibəsinin birinci ildönümü münasibətilə yaydıqları birgə bəyanatda üçüncü ölkələrə "Rusiya müharibəsinə maddi dəstəyi dayandırmağa, əks halda ciddi itkilərlə üzləşəklər” çağırışını edib.

Orada Çinin adı çəkilməsə də, ABŞ həmin gün Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək etməkdə günahlandırılan bəzi Çin şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Bundan əvvəl KİV ABŞ-ın Çin hökumətinin Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya PUA və döyüş sursatları verməyi nəzərdən keçirdiyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu yazıb.

Ağ Ev bildirib ki, Çinə bağlı qapılar arxasında Rusiyaya ölümcül silah ötürəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini açıqlayıb.

Nizami Bağırov