ABŞ Konqresinin Nümayəndələr Palatasının spiker vəzifələrini müvəqqəti icra edən, respublikaçıların nümayəndəsi Patrik Makhenri istefa verməklə hədə gəlib.
Bu barədə Qaynarinfo NBC News-a istinadən xəbər
verir.
ABŞ telekanalının məlumatına görə, siyasətçi oktyabrın 19-da cümə axşamı keçirilən qapalı iclasda bəzi respublikaçı həmkarlarının onu spikerin səlahiyyətlərinin genişləndirilməsi üçün açıq səsvermə olmadan qanunu qəbul etməyə məcbur etmək cəhdlərinə etiraz edib.
NBC News qeyd edir ki, Makhenrinin mövqeyi respublikaçıların düşdüyü çətin vəziyyəti vurğulayır: onlar "yeni spiker seçməyənə qədər heç nə edə bilməzlər” və namizədlə bağlı razılığa gələ bilmirlər.
Eyni zamanda, Makhenri gələcəkdə təyin edilmiş müvəqqəti spikerlərə Nümayəndələr Palatasında daimi seçilmiş spikerlərin səlahiyyətlərini verəcək bir presedent yaratmaq istəmir. Belə olan halda Palata gələcəkdə spikerləri seçməli olmayacaq.
Xatırladaq ki, oktyabrın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini vəzifəsindən azad edib. Bu qərarın lehinə 8 respublikaçı və 208 demokrat səs verib.
Bundan sonra Konqresin aşağı palatası yeni spiker seçməyə başlayıb. Əvvəlcə Stiv Skullis respublikaçıların əsas namizədi olub, lakin şansı olmadığı üçün onun namizədliyi hətta Nümayəndələr Palatasında səsverməyə çıxarılmayıb.
Bundan sonra respublikaçılar Cim Cordanı əsas namizəd etmək qərarına gəliblər. Lakin oktyabrın 17 və 18-də o, Nümayəndələr Palatasında lazımi sayda səs toplaya bilməyib.
Nizami Bağırov