Yaponiyanın bu həftə ABŞ-a onlarla "Patriot” raketi ixrac etməyə imkan verəcək siyasət dəyişikliklərini rəsmiləşdirməsi gözlənilir. Öz növbəsində Vaşinqton Ukraynaya daha çox hava hücumundan müdafiə vasitələri göndərə biləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Washington Post
yazır.
Müzakirələrin davam etdiyi müddətdə anonimlik şərti ilə danışan ABŞ rəsmilərinin sözlərinə görə, müdafiə məhsullarının ixracı qaydalarında dəyişiklik "Patriot” sisteminin açıq-aşkar qeyd edilməsini ehtiva etməyəcək, lakin ABŞ prezidenti Co Bayden administrasiyasının əsas tələbinə cavab verəcək.
Yaponiya "Raytheon” şirkətinin lisenziyası əsasında ABŞ-ın əsas hava hücumundan müdafiə sistemi olan "Patriot” üçün raketlər istehsal edir.
Prezident Bayden avqust ayında Kemp-Deviddə, tarixi üçtərəfli (ABŞ, Yapobiya və Cənubi Koreya) sammitdə və keçən ay San-Fransiskoda keçirilən iqtisadi sammitdə bu məsələni baş nazir Fumio Kişida ilə müzakirə edib.
Seul sakitcə vəd edib ki, Ukraynaya son bir il ərzində bütün Avropa ölkələrinin ümumi sayından çox - yüz minlərlə artilleriya sursatı verəcək. Rəsmilər bildiriblər ki, bu sursatların əhəmiyyətli hissəsi artıq tədarük edilib.
Nazirlər Kabinetinin dəyişiklikləri cümə günü, dekabrın 22-də açıqlayacağı gözlənilir. "Patriot” hava hücumundan müdafiə sistemi raketləri birbaşa Ukraynaya verilməyəcək. Bunun əvəzinə Yaponiya ABŞ-a Yaponiya və Hind-Sakit Okean regionu üçün nəzərdə tutulan ehtiyatını doldurmaq üçün onlarla raket göndərməyi düşünür. Rəsmilərdən biri deyib ki, Tokio hələlik vaxt cədvəlini açıqlamayıb, lakin raketlərin sayı ilə bağlı qərarın "nisbətən tezliklə” veriləcəyi gözlənilir.
Yaponiya Rusiyanın işğalının Çini Tayvana qarşı oxşar addımlar atmağa vadar edə biləcəyindən narahatdır. O, Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulan ilk Şərqi Asiya ölkəsi olub.
Nizami Bağırov