ABŞ Rusiyaya Qərbin məhdudlaşdırıcı tədbirlərindən yayınmağa kömək etdiyinə görə Qazaxıstan banklarına və şirkətlərinə sanksiya tətbiq edə bilər.
Qaynarinfo xəbər verir ki, bunu bazar ertəsi danışıqlar üçün Astanaya gələn ABŞ maliyyə nazirinin müavinin köməkçisi Elizabet Rozenberq
deyib.
"Risk həm Qazaxıstan Respublikasına, həm də şirkətlərə və banklara münasibətdə artır”, - deyə o qeyd edib. Söhbət ikinci dərəcəli sanksiyalardan, yəni sanksiyalar rejiminin pozulmasına görə cəzalardan gedir.
2022-ci ilin sonunda Qazaxıstan Rusiyaya mal tədarükünü 25% artırıb və həcmi Rusiya hökuməti tərəfindən on milyardlarla dollar dəyərində qiymətləndirilən paralel idxal üçün əsas "qovşaqlardan” birinə çevrilib.
Məsələn, Rusiya Federasiyasına paltaryuyan maşınların ixracı ildə təxminən 100 min ədəd təşkil edib, baxmayaraq ki, 2021-ci ildə belə ixrac ümumiyyətlə olmayıb. Qazaxıstandan müasir yarımkeçiricilərin tədarükü 300 dəfədən çox artıb - pul ifadəsində 3,7 milyon dollara qədər.
ABŞ Maliyyə Nazirliyi rəsmilərindən ibarət nümayəndə heyətinin rəhbəri olaraq Qazaxıstana gələn Rozenberqin sözlərinə görə, bu cür ticarət risklər daşıyır və ABŞ bu barədə Qazaxıstan rəsmilərini açıq şəkildə xəbərdar etmək niyyətindədir.
"Rusiya Federasiyasının sanksiyalardan və ixraca nəzarət tədbirlərindən yayınmasında yardımı ilə əlaqədar yarana biləcək nəticələrin aydın şəkildə təsvir edilməsi üçün qazaxıstanlı həmkarlarımız, hökumət, özəl sektor nümayəndələri ilə əməkdaşlıq edirik”, - o deyib.
Astanaya uçmazdan əvvəl Rozenberq və ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Avropa ölkələrinə səfər ediblər və orada Rusiyanın sanksiyalar rejimindən necə yan keçməsi ilə bağlı kəşfiyyat məlumatları paylaşıblar. Avstriya, İtaliya, Almaniya və Fransanın bankları sanksiyaların pozulmasının qarşısını almaq üçün "təlimat” alıblar.
Qərb rəsmiləri Kremli keçmiş SSRİ-dəki sonuncu, nisbətən sadiq tərəfdaşlarından məhrum etmək ümidi ilə "çubuq”dan başqa, Qazaxıstana "kökə” də hazırlayır. "Politico”nun məlumatına görə, Aİ Astana ilə əlaqələri gücləndirmək planı hazırlayır və digər məsələlərlə yanaşı, hava nəqliyyatını genişləndirməyi və yüksək vəzifəli şəxslər səviyyəsində daha sıx əlaqələri nəzərdən keçirir.
Qazaxıstandan sonra ABŞ rəsmiləri də eyni məqsədlə Özbəkistana səfər etmək niyyətindədirlər. ABŞ Maliyyə Nazirliyi bildirib ki, əsas vəzifə sanksiyaların həyata keçirilməsinə yanaşmanın sərtləşdirilməsi, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədir.
Nizami Bağırov