Vladimir Putin Rusiya təbliğatını təşviq etmək, rusiyayönlü partiyaları dəstəkləmək və konspiroloji nəzəriyyələrini populyarlaşdırmaq üçün casus şəbəkəsi və yeni texnologiyalardan istifadə etməklə Qərbin Ukraynaya dəstəyini dayandırmağa çalışacaq.
Qaynarinfo xəbər verir ki, bu, "The New York Times”ın jurnalistlərinin danışdıqları amerikalı rəsmilərin
fikridir.
Qəzet bunu Rusiya prezidentinin növbəti məqsədi adlandırır.
NYT həmsöhbətlərinin sözlərinə görə, Putin hesab edir ki, o, ABŞ və Avropa siyasətinə Ukraynaya hərbi dəstəyi zəiflədəcək şəkildə təsir edə bilər ki, bu da Rusiyaya müharibədə üstünlüyü bərpa etməyə imkan verəcək.
Rəsmilərin dediyinə görə, Moskva çox güman ki, Avropada rusiyapərəst namizədləri dəstəkləmək niyyətindədir. Üstəlik, Kreml təkcə ümummilli seçkilərə deyil, həm də gələn il keçiriləcək Avropa Parlamentinə seçkilərə təsir göstərməyə cəhd edə bilər, - qəzetin həmsöhbətləri qeyd edirlər.
Həmçinin, rəsmilərin bildirdiyinə görə, Rusiya prezidenti ABŞ-da Ukraynaya dəstəklə bağlı davam edən debatları diqqətlə izləyir. Qəzetin həmsöhbətləri bildiriblər ki, Rusiya artıq ABŞ və NATO-nun hazırkı siyasətini ləkələməyə yönəlmiş informasiya əməliyyatları aparır və çox güman ki, yaxın aylarda ABŞ-da prezident seçkiləri ərəfəsində bu siyasəti gücləndirəcək.
Moskvanın son məqsədi Kiyevi dəstəkləyən namizədlərin mövqelərini sarsıtmaq və Vaşinqtonun siyasətini dəyişmək olacaq. Lakin jurnalistlərin söhbət etdiyi bəzi ABŞ rəsmiləri Rusiyanın buna nail olacağına şübhə ilə yanaşırlar. Lakin Moskva seçkinin nəticələrinə təsir göstərə bilməsə belə, səylər Ukraynaya yardımla bağlı mübahisələrə yol açacaq və Konqresin Kiyevə əlavə dəstək verməsini çətinləşdirəcək.
NYT həmsöhbətləri deyirlər ki, məqsədlərinə çatmaq üçün Moskva Avropada rusiyayönlü siyasətçilərin maliyyəsini artıra, həmçinin dezinformasiya kampaniyalarına və konspiroloji nəzəriyyələrinin yayılmasına əl ata bilər.
Financial Times-a danışan neft bazarı iştirakçılarının fikrincə, Vladimir Putinin ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir göstərməsinin digər potensial yolu neft ola bilər. Rusiyanın da dəstəklədiyi neft tədarükünün azaldılması siyasəti qiymətlərin artmasına səbəb olur və bu, çox güman ki, Respublikaçı namizədə kömək edəcək.
Qərb kəşfiyyat rəsmiləri, milli təhlükəsizlik rəsmiləri və diplomatlar hesab edirlər ki, ABŞ-da prezident seçkiləri Putinin Ukrayna müharibəsində qərarlarına təsir edən əsas amildir, - CNN mənbələrə istinadən yazıb. Kanalın həmsöhbətlərinin fikrincə, Rusiya prezidenti Trampın hakimiyyətə qayıtması ümidi ilə müharibəni uzatmaq niyyətindədir ki, bu da Ukraynaya dəstəyin azalmasına və Rusiyanın danışıqlarda mövqeyinin yaxşılaşmasına gətirib çıxaracaq.
Nizami Bağırov