Xəbər lenti

ABŞ rəsmiləri Ukrayna ilə bağlı Lavrovla gizli danışıqlar aparıblar: Söhbət nədən gedib?
Dünya12:39 06.07.2023

ABŞ rəsmiləri Ukrayna ilə bağlı Lavrovla gizli danışıqlar aparıblar: Söhbət nədən gedib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın bir qrup keçmiş yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri aprel ayında Kremlə yaxın rusiyalılarla və xarici işlər naziri Sergey Lavrovla görüşərək Ukraynada müharibəyə son qoymaq üçün danışıqların mümkünlüyünü müzakirə ediblər. 
Qaynarinfo xəbər verir ki, bunu NBC News-a görüşlər barədə məlumat verən dörd keçmiş və iki hazırki ABŞ rəsmiləri deyib.
Xüsusilə Lavrov aprel ayında Nyu Yorkda Rusiyanın həmin ay sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında çıxış etmək üçün səfər zamanı amerikalılarla bir neçə saat vaxt keçirib. Vəziyyəti onunla keçmişdə Ağ Evdə və Dövlət Departamentində çalışmış Xarici Əlaqələr Şurasının prezidenti və keçmiş diplomat Riçard Has, Avropa üzrə ekspert Çarlz Kapçan və Rusiya üzrə ekspert Tomas Qrem müzakirə edib. Söhbət Rusiyanın işğal etdiyi ərazilərin taleyi, sülh təşəbbüslərinin müzakirəsinə başlamaq üçün hər iki tərəfin məqbul hesab edəcəyi şərtlər kimi ən çətin məsələlərdən gedib.
Bu görüşdən əlavə, Vladimir Putinə yaxın sayılan və ya Kremllə daimi əlaqə saxlayan Rusiyanın aparıcı beyin mərkəzləri və ya beynəlxalq münasibətlər sahəsində tədqiqat institutlarının rəhbərlərinin iştirakı ilə bir neçə müzakirələr aparılıb. NBC mənbələri rusiyalıları riskə atmamaq üçün adlarını açıqlamaqdan imtina ediblər.
İki mənbənin sözlərinə görə, ən azı bir keçmiş ABŞ rəsmisi Ukraynadakı müharibə ilə bağlı məsələləri müzakirə etmək üçün Rusiyaya səfər edib. Bundan əlavə, müzakirələrdə bəzi keçmiş Pentaqon rəsmiləri, o cümlədən müdafiə nazirinin müavini olmuş və NATO ilə fəal əməkdaşlıq edən Meri Bet Lonq iştirak edib.
Diplomatiyada bəzən bu cür qeyri-rəsmi təmaslar hazırkı hökumətin üzvü olmayan şəxslərin iştirakı ilə təşkil olunur. NBC mənbələri bildirirlər ki, bu halda belə görüşlər rəsmi təmasların praktiki olaraq dayandığı bir vəziyyətdə Rusiya ilə əlaqə kanallarını saxlamaq və danışıqlar, kompromis və ya müharibəni bitirmək üçün diplomatik yollar axtarmağa lazımdır.
Onların sözlərinə görə, Co Bayden administrasiyasının bu görüşlərdən xəbəri olub, lakin onlar Ağ Evin xahişi ilə keçirilməyib. Lavrovla söhbətin iştirakçıları onun nəticələri barədə ABŞ Milli Təhlükəsizlik Şurasına məlumat veriblər.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol belə təmaslara şübhə ilə yanaşır. Birincisi, o, Rusiyada Putinin dinləməyə hazır olduğu sağlam düşüncəli insanların qaldığından şübhələnir. İkincisi, ukraynalılar olmadan sülh danışıqlarının müzakirəsi Ukraynanın gələcəyinin Kiyevsiz müzakirə oluna bilməyəcəyini açıq şəkildə təkid edən Ağ Evin mövqeyini sarsıda bilər. Hətta müharibənin başa çatması ilə bağlı belə qeyri-rəsmi danışıqlar da Ukraynadan olan nümayəndələrlə aparılmalıdır, - Makfol NBC-yə deyib.
Onun fikrincə, Qərb Ukraynaya bütün işğal olunmuş torpaqları, o cümlədən Krımı qaytarmaq, uzunmüddətli perspektivdə təhlükəsizliyini təmin etmək, Ukraynanı tez bir zamanda NATO-ya qəbul etmək üçün hər şeyi etməlidir. Bu barədə o, beynəlxalq münasibətlər üzrə digər ekspertlərlə birlikdə alyans üzvlərinə ünvanladığı məktubda yazıb.
Nizami Bağırov