Regiona səfərə gələn ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Bakıda vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşüb. ABŞ rəsmisinin görüşdüyü şəxslərdən biri ictimai fəal, bloger Bəxtiyar Hacıyev olub.
Bəxtiyar Hacıyev bu barədə sosial şəbəkə hesabında yazıb: "Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin köməkçisi Karen Donfrid ilə təxminən bir saatlıq görüşüm oldu. Görüşdə regionda baş verən hadisələr, ölkədə ümumi və ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki problemlər haqqında geniş, açıq və səmimi müzakirə getdi, Bayden administrasiyasının gələcəkdə atmasını gözlədiyimiz addımlarla bağlı geniş fikir mübadiləsi apardıq. Xanım diplomat ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı. Sonra qarşılıqlı maraq doğuran mövzularda söhbət davam etdi”.
ABŞ rəsmisinin Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrilə görüşünü Qaynarinfo-ya şərh edən politoloq Zərdüşt Əlizadə düşünür ki, belə görüşlər adətən Azərbaycan hökumətindən nəsə qoparmaq məqsədi daşıyır:
"Bəxtiyar Hacıyev Azərbaycan cəmiyətinin heç də ən nüfuzlu insanı deyil. Amma görünür ABŞ üçün belə adamlarla görüşmək xoşdur. Ona görə də onunla görüşür. Rusiya nümayəndələri Mixael Zabelinlə, Amerika nümayəndələri isə Bəxtiyar Hacıyevlə görüşürlər. Bəxtiyar bəy savadlı adamdır. Azərbaycan cəmiyyətindəki vəziyyət barədə dürüst məlumat verə bilər. Amma Amerika nümayəndəsinin bura gəlib insan hüquqları, qanunun aliliyi məsələsini qaldırmaları rəsmi Bakıdan nəsə qoparmaq məqsədi daşıyır. Adətən ABŞ belə hallarda Azərbaycan hakimiyyətinin zəif damarı olan insan haqları, qanunun aliliyi məsələsini qabardır. Qayıdandan sonra isə yadlarından çıxır”.
Hüquqşünas Ələsgər Əhmədoğlu isə ABŞ rəsmisinin vətəndaş cəmiyyəti nümayəndələrilə də görüşməsinə onun və təmsil etdiyi dövlətin ölkəmizə və cəmiyyətə hörmət etməsi müstəvisində baxır:
"Milli maraq deyəndə həm cəmiyyət, həm fərdlər, həm də dövlət maraqları anlaşılır. Bu baxımdan cəmiyyət nümayəndələri də əslində Azərbaycanın milli marağını təmsil edir. Azərbaycana rəsmi səfərə gələn xarici qonaqların rəsmi görüşlərdən əlavə ictimai fikir liderləri, fərdlərlə görüşməsi ölkəyə bütöv baxılmasının nümunəsidir. Bu da pozitiv əlmətdir. Yəni ölkə sadəcə bir-iki şəxsdən ibarət deyil. Cəmiyyəti formalaşdıran qurumlar, fərdlərdir. Bu aspektdən baxanda Donfridin səfər çərçivəsində rəsmilərlə yanaşı ictimaiyyət nümayəndələrilə görüşünü ölkəyə və cəmiyyətə ümumi hörmət çərçivəsində görürəm”.
Rüfət Sultan