Xəbər lenti

ABŞ-Rusiya danışıqlarına cavab: Marsel terrorunun hədəfi nədir? (ŞƏRH)
Dünya 15:10 25.02.2025

ABŞ-Rusiya danışıqlarına cavab: Marsel terrorunun hədəfi nədir? (ŞƏRH)

"Bu partlayış ABŞ və Rusiyaya ünvanlanan xəbərdarlıq mesajıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın Fransanın Marsel şəhərindəki baş konsulluğunda baş verən partlayışın səbəbini şərh edərkən deyib.

Natiq Mirinin fikrincə, hadisə haqqında konkret kəşfiyyat və hüquq-mühafizə orqanlarının məlumatı mövcud deyil:

"Ancaq hadisənin baş verdiyi ərəfəyə diqqət yetirsək, onun ABŞ Rusiya danışıqları kontekstində baş verdiyi barədə ilk mülahizələri söyləmək olar. ABŞ Rusiya danışıqlarından ən çox narahat olanlar Ukrayna və Avropa İttifaqı ölkələridir".

Ekspert düşünür ki, partlayış bir xəbərdarlıq partlayışı ola bilər:

"Ortada böyük zərər vermək hədəfi olsaydı, konsulluğun binası və insanlar da zərər görə, tələf ola bilərdilər. Adətən, bu cür partlayışlar xəbərdarlqı xarakteri daşıyır ki, o da dolayısı ilə həm ABŞ, həm də Rusiyaya olan mesajdır. Bununla bəyan etmək istəyirlər ki, mövcud kontekstdə Ukrayna ilə bağlı aparılan danışıqların yönü arzuolunmazdır. Yəni Ukrayna və Avropa İttifaqını kənarda saxlayacaq görüş və ondan çıxacaq nəticələr Avropa tərəfindən qəbul olunmayacaq. Düşünürəm ki, verilən mesaj budur".
 

 
Həmsöhbətimiz düşünür ki ABŞ və Rusiya nümayəndə heyətlərinin növbəti danışıqlarında əsas müzakirə predmetindən biri də məhz bu məsələ olacaq:

"Yəni burada söhbət danışıqlara əngəl olacaq qıcıqlandırıcı məqamların aradan qaldırılmasından gedir. Danışıqların müəyyən qüvvələr tərəfindən arzuolunmaz olduğu Moskva, həm də Vaşinqtona bəllidir. Ona görə zənn edirəm ki, növbəti görüşdə bu məsələlər də müzakirə predmeti olacaq".
 
Qeyd edək ki, dünən səhər saatlarında Rusiyanın Fransanın Marsel şəhərindəki baş konsulluğu yaxınlığında partlayış baş verib. Lakin nə binada hər hansı bir dağıntı baş verməyib, nə də xəsarət alanlar olmayıb. 

Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski "La Marseillaise” nəşrinə açıqlamasında partlayışın konsulluqda baş verdiyini və tələfatın olmadığını təsdiqləyib. Onun dediyinə görə, konsulluğun ərazisinə üç partlayıcı qurğu atılıb. Qurğulardan biri partlamayıb. BFMTV kanalının verdiyi məlumata görə, ehtimal ki, əraziyə "Molotov kokteyli" atılıb. 

"Valeurs Actuelles” jurnalının müxbiri xəbər verib ki, qəza yerinin yaxınlığında oğurlanmış avtomobil tapılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə iddia edib ki, Marseldəki Baş Konsulluğunun ərazisində baş verən partlayışda terror aktının bütün əlamətləri var. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->