ABŞ-da insan haqları üzrə müstəqil hökumət təşkilatına rəhbərlik edən iki qanunverici Konqresə prezident Co Baydeni Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxmağa çağıran qətnamə təqdim edib. İkitərəfli Helsinki Komissiyası Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsinin BMT-nin məqsəd və prinsiplərini pozduğunu qəbul etməyi təklif edir.
Qaynarinfo bu barədə qətnamənin mətnini əldə etmiş
"Foreign Policy" nəşrinə istinadla xəbər verir.
Məlum olduğu kimi, hələ oktyabr ayında Helsinki Komissiyası Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvü statusuna etiraz etmək xahişi ilə ABŞ dövlət katibi Entoni Blinkenə müraciət etmişdi. İndi demokrat Stiv Koen və respublikaçı Co Vilson deyirlər ki, Rusiya BMT Nizamnaməsini kobud şəkildə pozub və bu, onun Təhlükəsizlik Şurasında yer almaq hüququnu şübhə altına alır. Söhbət Ukraynanın dörd vilayətinin ilhaqı ilə bağlı qeyri-qanuni səsvermədən, Ukrayna şəhərlərində vəhşiliklər törətməkdən, nüvə silahı ilə hədələməkdən və dünyanın ərzaq təminatını riskə atmaqdan gedir.
Ekspertlər Rusiya Federasiyasının Təhlükəsizlik Şurasından çıxarılmasının real mümkünlüyünə şübhə ilə yanaşırlar, çünki BMT Nizamnaməsində daimi üzvün çıxarılmasına imkan verən heç bir müddəa yoxdur. Onu aradan qaldırmaq üçün Nizamnaməyə düzəliş tələb olunacaq, lakin bunun üçün Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin razılığı lazımdır. Beləliklə, Rusiya bu təklifə veto qoya bilər. Bununla belə, Rusiya Federasiyasına münasibətdə başqa variant da var - Rusiyanın Təhlükəsizlik Şurasındakı Sovet İttifaqı kürsüsünə varisi statusuna etiraz etmək olar.
Bundan əvvəl Volodimir Zelenski bildirib ki, BMT Təhlükəsizlik Şurasında bir yer "hələ də işğal altındadır”. Prezidentin qeyd etdiyi kimi, o, əmindir ki, artıq dünyada heç kim rus yalanlarını eşitmək istəmir.
Rusiya mütəmadi olaraq BMT-dəki üzvlüyündən sui-istifadə edərək çox qəribə bəyanatlar verir. Belə ki, oktyabrda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukrayna ərazisində infeksiyaya yoluxmuş ağcaqanadları daşımalı olan dronlar aşkarlanıb.
BMT artıq Rusiyanın Təhlükəsizlik Şurasına öz təbliğat bəyanatları ilə yüklənməsindən hiddətlənir, çünki heç biri də həqiqətə uyğun gəlmir.
Alpər